"Növbəti mərhələlərdə həkimlərin ödənişində nəticəyönümlü mexanizmə keçilməlidir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov mətbuat konfransında deyib.

O bildirib ki, daha çox nəticə göstərən, daha çox iş görən həkimlər daha çox qiymətləndirilməli, daha çox əməkhaqqı almalıdır:
"Hazırda bu, bizim məqsədlərimizdən biri olmalıdır. Amma səhiyyə elə bir sahədir ki, burada islahatlar davamlı olmalıdır. İslahatlar mütəmadi şəkildə aparılmalı və səhiyyə sistemi daim təkmilləşdirilməlidir. Fəaliyyətin qiymətləndirilməsi bu gün üçün bizim məqsədlərimizi qarşılayırsa, biz sabahı da düşünməliyik. Sabah biz görməliyik ki, əməyin qiymətləndirilməsi təkcə görülən işlə deyil, əldə olunan nəticə ilə ölçülsün".
A.Bayramov vurğulayıb ki, səhiyyə sistemində ən önəmli göstərici həkimə müraciətlərin, çağırışların və müayinələrin sayı deyil:
"Əsas göstərici görülən müayinə və ya müalicənin insanların sağlamlığına necə təsir etməsidir. Ona görə də bu istiqamətdə ardıcıl tədbirlər görməliyik və düşüncə tərzimizi də dəyişməliyik. Növbəti mərhələlərdə həkimlərin ödənişində nəticəyönümlü mexanizmə keçməliyik. Ümumiyyətlə, səhiyyə sistemimiz xəstəliyə reaksiya verən sistemdən sağlamlığı idarə edən sistemə keçməlidir".