Mart ayının 6-da Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi nəzdində fəaliyyət göstərən yanğına qarşı Dövlət Xidməti Agentliyində Azərbaycan hökuməti tərəfindən təmənnasız olaraq regionla yanğın xidmətlərinə 5 ədəd yanğın-xilasetmə texnikasının rəsmi təqdim edilməsinə həsr edilmiş tədbir keçirilib.
Fövqəladə hallar naziri Kubatbey Boronov Azərbaycan tərəfinə təqdim edilən hədiyyə üçün qırğız xalqı adından təşəkkür edib.
Oxu.Az bu barədə Akipress-ə istinadən xəbər verir.
“Azərbaycan hakimiyyəti tərəfindən təqdim edilmiş bu maşınlar, Azərbaycan-Qırğızıstan arasında ikitərəfli əməkaşlığa dair danışıqlar çərçivəsində 10 ədəd maşın qismində texniki yardımın göstərilməsinə dair əldə edilmiş müqaviləyə əsasən çatdırılıb. Müqaviləyə müvafiq olaraq 5 maşın çatdırılıb. Qalan 5 maşının çatdırılması may ayına planlaşdırılıb”, - nazir bildirib.
Azərbaycanın Qırğızıstanda səfiri Hidayət Orucov öz növbəsində ölkələr arasında gələcək ikitərəfli əməkdaşlığa ümid etdiyini bildirib.
“Qırğızıstana təqdim edilən bu hədiyyə qardaşın qardaşa hədiyyəsidir”, - səfir qeyd edib.