Ötən gün gecə saatlarından başlayaraq respublikanın əksər rayonlarında, o cümlədən paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur, bir çox rayonlarda intensiv qar yağır.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya açıqlamasına görə, bura əsasən Böyük Qafqazın rayonlarını misal göstərmək olar.
Onun sözlərinə görə, hazırda Şamaxı, Mərəzə, Altıağac, Xaçmaz, Quba rayonlarında intensiv qar müşahidə olunur:
“Abşeron yarımadasında isə sulu qar yağır.
Axşama doğru, gecəyə yaxın Abşeron yarımadasında havanın temperaturu mənfi olacaq, sulu qar qarla əvəz olunacaq. Hazırda daha çox qar Böyük Qafqazın şimal-şərq yamacında müşahidə olunur. Belə ki, səhər saatlarına olan məlumata görə, Mərəzə, Altıağac, Quba, Şamaxıda qar örtüyünün hündürlüyü 8 sm çatıb. Şəkidəki Sarıbaş stansiyasında da 14 sm-ə qədər qar örtüyü var”.
U.Tağıyeva qeyd edib ki, rayonlarda yağıntılı hava şəraiti şimal-şərq küləyinin güclənməsi ilə müşahidə olunur. Onun sözlərinə görə, güclü küləyin maksimal sürəti Biləsuvarda 19-20 metr, Neftçalada 20 metrə çatıb. Abşeron yarımadasında isə şimal küləyinin maksimal sürəti saniyədə 20-24 metrə çatır.
O bildirib ki, bu gün gecə saatlarında havanın temperaturunun mənfi olacağı gözlənilir, ona görə də yaranmış şəraitə uyğun olaraq yolların buz bağlaması ehtimalı var:
“Fevralın 1-də və 2-də isə külək bir qədər səngiyəcək və yağıntılar intensiv olmayacaq. Lakin şaxtalı hava şəraiti fevralın ilk günlərində də davam edəcək. Paytaxtda gecə 4-6 dərəcə, gündüz 0-2 dərəcə şaxta gözlənilir”.