Yeni binalarda mənzil alışı zamanı alıcılar birinci növbədə, məhz bu sualı verirlər - qaz olacaq, yoxsa yox? Artıq bir neçə ildir ki, müvafiq orqanlar problemin həlli istiqamətində iş aparsalar da, hələlik ciddi bir irəliləyişin olduğunu söyləmək çətindir.
Oxu.Az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində ölkədə qaz tədarükü ilə məşğul olan əsas qurum – “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev bu məsələyə aydınlıq gətirib.
Ə.Hacıyev bildirib ki, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya qaz verilə bilər:
““Azəriqaz” İstehsalat Birliyi qazın satışı ilə məşğul olan bir qurum olaraq, müvafiq qurumların rəylərini və istismara qəbul aktlarını almış, müvafiq qurumlar tərəfindən razılaşdırılmış layihə-smeta sənədlərinin əslini, xarici və binadaxili qaz kəmərlərinin istismara qəbul aktlarını, xarici və daxili qaz kəmərlərinin tikinti pasportlarını, quraşdırılmış məişət qaz sayğaclarının mənzillər üzrə siyahısını və s. zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında maraqlıdır”.
Başqa sözlə, yeni binanın istismarına başlamaq üçün lazım olan sənədləşdirmə prosesi tam şəkildə keçməlidir və ancaq bu şərtlər yerinə yetiriləndən sonra binanın qaz təchizatı başlanmalıdır.
Bununla yanaşı, “Azəriqaz”ın nümayəndəsi vurğulayıb ki, ötən ildə “Azəriqaz” İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 149 çoxmərtəbəli binanın qazının açılmasını təmin edib.
“Bu isə ümumilikdə 30374 mənzili əhatə edir. 2012-ci ildə isə 60 çoxmərtəbəli binanın qazının açılması təmin olunub”.