2015-ci ildə 92 təhsil müəssisəsi üçün yeni binanın tikintisi, 64 təhsil müəssisəsi binasının əsaslı təmir olunması və 50 təhsil müəssisəsində isə cari təmir işlərinin aparılması nəzərdə tutulub.
Oxu.Az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetindəki məqaləsində bildirib.
Onun sözlərinə görə, son 11 il ərzində Azərbaycanda 3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Müqayisə üçün qeyd edək ki, ərazisinə və iqtisadi imkanlarına görə Azərbaycandan üstün olan, sürətlə inkişaf edən Qazaxıstanda isə bu dövrdə 700 məktəb inşa olunub.
2014-cü ildə Təhsil Nazirliyinin sifarişi ilə 3 dövlət təhsil müəssisəsi tikilib, 2 təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb, 94 tədris ocağı isə cari təmir edilib.
Ötən il əsas məqsədi istedadlı şagirdlərin seçilib inkişaf etdirilməsi və şagirdlərin olimpiadalara mütəşəkkil və davamlı şəkildə hazırlanmasının təşkilindən ibarət olan İnformatika üzrə Olimpiada Mərkəzi açılıb.
E.Ə.
www.oxu.az