Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda ailə həkimi institutu yaradılır?
Azərbaycanda yeni institut - ailə həkimi istitutunun yaradılması nəzərdə tutulur. İl başa çatmaq üzrə olduğu üçün ailə həkimi institutunun yaradılması 2018-ci ildə real görünməsə də, yaxın 1-2 il ərzində bu məsələnin gerçəkləşməsi mümkündür və gözləniləndir. Heç şübhəsiz ki, ailə həkimi institutunun bərqərar olması üçün ilk növbədə onun qanunvericilik bazası yaradılmalıdır.
Qeyd edək ki, artıq bu istiqamətdə bir neçə ildir axtarışlar, təcrübələrin öyrənilməsi, materialların toplanması üzərində işlər gedir.
Konkret olaraq, Milli Məclisin (MM) Səhiyyə, Əmək və sosial siyasət komitələrinin ixtisasca həkim olan üzvləri - millət vəkilləri İlham Məmmədov, Məlahət İbrahimqızı və Musa Quliyev tərəfindən bu istiqamətdə qanun layihəsinin hazırlanması üçün müəyyən hazırlıqlar aparılır və davam etdirilir.
Qeyd edək ki, MM-in Səhiyyə komitəsinin parlamentin qarşıdan gələn 2018-ci il payız sessiyası ilə bağlı bu günlərdə keçirilən ilk iclasında bu məsələyə qayıdılıb.
Komitə sədri, akademik Əhliman Əmiraslanov “Ailə həkimi haqqında” qanun layihəsinin hazırlanmasının gündəmdə olduğunu, eyni zamanda, komitənin qanunvericilik işləri planında nəzərdə tutulduğunu dilə gətirib.
Sözügedən komitənin sədr müavini Musa Quliyev deputat həmkarları tərəfindən bu məsələnin dəfələrlə parlamentdə, media orqanlarında səsləndirildiyini söyləyib və artıq onun aktuallıq kəsb etdiyini deyərək, bu yöndə qanun layihəsinin hazırlanmasının vacibliyinə diqqət yönəldib.
Adıçəkilən qanun layihəsinin hazırlanması tərəfdarlarından olan millət vəkili Kamilə Əliyeva dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda ailə həkimi institutuna böyük ehtiyac duyulduğunu söyləyib.
“Mən bu yaxınlarda mətbuata geniş açıqlamamda bu məsələni dilə gətirmişdim və fürsətdən istifadə edərək, bir daha təklifimin üzərində qalaraq, bildirmək istərdim ki, ailə həkimi çox vacib bir məsələdir.
Bunun insanlarımızın sağlamlığının təmin edilməsinə, cəmiyyətimizin bütövlükdə sağlam tərzdə inkişafına böyük və müsbət töhfəsi ola bilər. Düşünürəm ki, artıq bu məsələdə gecikməyə, tərəddüdə ehtiyac yoxdur, bu istiqamətdə qanun layihəsinin hazırlanmasına başlanılması çox məqsədəuyğun olardı.
Həmçinin, çox yaxşı haldır ki, bu məsələ komitəmizin qanunvericilik işləri planında öz əksini tapıb və bu, onu deməyə əsas verir ki, yaxın zamanlarda bu məsələnin müsbət həlli mümkündür”, - deyə millət vəkili əlavə edib.
Bəs görəsən, ailə həkimi institutu necə yaradılacaq, ailə həkiminin statusu nədən ibarət olacaq? Eyni zamanda, bu yöndə qanun layihəsi hazırlanarkən daha çox hansı ölkələrin qabaqcıl və daha səmərəli təcrübəsindən istifadə ediləcək?
Bununla bağlı Oxu.Az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib ki, ailə həkimi icbari tibbi sığortanın əsas məsələlərindən, atributlarındandır.
Onun sözlərinə görə, əgər ailə həkimi institutu yaradılmasa, icbari tibbi sığortanın tətbiqindən və yaxud onun səmərəsindən danışmaq olmayacaq:
“Bildiyiniz kimi, artıq ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı mühüm addımlar atılır. Yevlaxda, Mingəçevirdə pilot layihələr həyata keçirilir. Gələn ildən isə bütövlükdə ölkə üzrə icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur.
Odur ki, icbari tibbi sığortanın daha effektli və səmərəli olması üçün Azərbaycanda ailə həkimi institutu yaradılmalı, bununla bağlı qanun layihəsi hazırlanaraq, gecikdirilmədən qəbul olunmalıdır.
Qeyd edim ki, deputat həmkarlarım Məlahət İbrahimqızı ilə İlham Məmmədovun da bununla bağlı geniş, dəyərli təklifləri var, onlar Türkiyənin, digər ölkələrin təcrübəsini yaxından öyrəniblər. Yəqin ki, yaxın zamanlarda elə onların yaxından iştirakı ilə qanun layihəsinin hazırlanması üçün müvafiq İşçi Qrupu yaradılacaq və qanun layihəsi təkmil şəkildə parlament müzakirələrinə çıxarılaraq, qəbul ediləcək. Bu sessiyada olmasa da, 2019-cu ilin yaz və payız sessiyalarında bunu reallaşdırmaq mümkün olacaq”.
Millət vəkili deyib ki, Türkiyədə ailə həkimi institutu ən mütərəqqi institutlardandır, onların təcrübəsi daha təqdirəlayiqdir:
“Orada ailə həkimləri daha çox ucqar, həkimlərə daha çox ehtiyac olan bölgələrdə fəaliyyət göstərirlər. Onların maddi təminatı isə daha çox bələdiyyələr tərəfindən həyata keçirilir. Yəni, tutaq ki, kənd və qəsəbə bələdiyyəsi həmin bölgənin insanlarından adambaşına bir lirə toplayır. Bu da haradasa iki, üç min və ya çox (həmin yaşayış məntəqəsinin əhalisinin sayına uyğun olaraq) lirə edir və toplanan həmin vəsait ailə həkiminə əməkhaqqı kimi verilir.
Düzdür, bizdə hələlik Türkiyədə olduğu kimi, bələdiyyə institutu tam oturuşmayıb, yəni, onların bu işi həyata keçirməsi çətin olar, onlar, sadəcə, bələdiyyə fondları yaradıb ailə həkimlərinin maddi təminatına qismən yardımçı ola bilərlər. Amma hesab edirəm ki, bizdə bu təminatı dövlət, o cümlədən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi öz üzərinə götürə bilər. Yəni, ailə həkiminə həm dövlət, həm də konkret agentlik tərəfindən məvacib verilə bilər. Bu zaman ucqar bölgələrimizin bu məsələdəki tələbatı, həkimə olan ehtiyacları da ödənilmiş olar”.
Komitə sədrinin müavini deyib ki, bu gün Azərbaycanda (xüsusilə ucqar bölgələr üzrə) təxminən yeddi minə yaxın həkimə ehtiyac var:
“Əgər ailə həkimi institutuna keçilərsə, onlara iki yerdən maaş verilərsə, o zaman iş növbəsində dayanan, ya da az maaşa qulluq edən gənc həkimlər həmin ucqar bölgələrə gedərək, orada daha həvəslə və daha ürəklə çalışarlar. Bununla həm də həkim-ambulator məntəqələrinə, bəzi poliklinikalara, savadsız və öz işinin öhdəsindən gələ bilməyən tibb işçilərinə lüzum qalmaz”.
M. Quliyevin bildirdiyinə görə, ailə həkimləri pediatriyanı, ümumi terapiyanı və travmatologiyanı bilən olmalıdırlar:
“Çünki ucqar bölgələrdə daha çox bu ixtisaslı həkimlərə ehtiyac var. Eyni zamanda, ailə həkimlərinin müasir kompüter texnologiyalarını mükəmməl səviyyədə bilməsi yaxşı olardı. Çünki hansısa xəstə ucqar bölgədən özbaşına durub iri şəhərlərə, o cümlədən, Bakıya hansısa klinikaya gələ bilməz. Bunun üçün müəyyən prosedurlar lazımdır.
Məhz həmin ailə həkimləri iri şəhərlərdəki, paytaxtdakı klinikalarla əlaqə saxlayıb, yazışıb, ehtiyac olduğu təqdirdə, həmin xəstələrin klinikalarda müayinəsinə, müalicəsinə yardımçı ola bilərlər. Yəni, ailə həkiminin ilkin statusu bundan ibarətdir”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər