Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda bank işçiləri vətəndaşlara niyə tez-tez zəng edirlər?
“Bankımızda yaxşı müştəri olmusunuz. Yenidən kredit götürmək istəyərdinizmi?”
Azərbaycanda banklardan kredit götürmüş və müsbət kredit tarixçəsinə malik olan vətəndaşlar bu sözləri ayda azı bir dəfə eşidirlər.
Bank işçiləri nəinki keçmişdə kredit borcu olmuş, hətta aktiv krediti olan müştərilərinə belə tez-tez zəng edərək onları növbəti dəfə borclandırmağa çalışırlar. Bəs bu nə dərəcədə düzgündür? Bank işçilərinin vətəndaşlara tez-tez zəng etməyə ixtiyarı varmı? “Report” mövzunu ekspertlərlə müzakirə edib.
“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin hüquqi məsələlər üzrə ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev deyib ki, bankların müştərilərinə aktiv şəkildə pul təklif etməsində qəbahətli heç nə yoxdur və bu məsələ ilə bağlı vətəndaşların ciddi narazılığı müşahidə olunmur:
“Bu günə qədər ABA-ya məsələ ilə bağlı hər hansı şikayət daxil olmayıb. Belə bir statistika yoxdur. Ola bilsin hər hansı bank müştərini narahat edir. Belə bir problem ola bilər. Ancaq müştərilərə təkcə banklardan zəng gəlmir, başqa biznes strukturları da zəng edirlər. Müştəri istəsə, bankla əlaqə qurub iradını bildirə bilər”.
İqtisadçı-ekspert Rəşad Həsənov isə deyir ki, müştərilərə vaxtaşırı zəng edilməsi banklar arasında sayı az olan yaxşı müştərilər uğrunda rəqabətlə əlaqədardır və buna təbii yanaşmaq lazımdır:
“Banklarda izafi likvidlik var, onlar vəsaitlərini yerləşdirməkdə çətinlik çəkir, buna görə də marketinq siyasətlərini bacardıqca təkmilləşdirir. Burada ciddi problem olduğunu düşünmürəm. Vətəndaş zəng gələn bankın xidmətindən imtina edə bilər. Amma bu zənglərin məlumatlandırma baxımından faydalı olduğunu düşünürəm. Çünki bir çox vətəndaşlar bankların kredit şərtləri barədə məlumatları bu kimi zənglər vasitəsilə alırlar. Bu kimi zənglər hansısa formada bank və müştəri arasında birbaşa ünsiyyətin ortaya çıxmasına, ünsiyyət platformasının formalaşmasına müsbət təsir göstərir”.
Hüquqşünas Əkrəm Həsənov isə düşünür ki, bankların vətəndaşları bezdirməsi bir növ hüquq pozuntusudur və bu məsələ ilə bağlı nəinki banka irad bildirmək, hətta məhkəməyə şikayət etmək də olar:
“Məsələn, vətəndaş bank əməkdaşlarının onu uzun müddət telefonla narahat etdiyini, mənəvi zərər gördüyünü əsas gətirərək bankı məhkəməyə verə bilər. Amma bunu məhkəmədə sübut etmək xeyli vaxt aparacaq”.
"Əkrəm Həsənov" teqi üzrə xəbərlər
- Səhvən başqasının kartına köçürülən pul geri QAYTARILA BİLƏR?
- Yaşıllıq qatillərinə qarşı sərt cəzalar: Sanksiyalar sərtləşdirilir
- Azərbaycanda banklar gəliri xaricdən olan vətəndaşlara kredit vermirlər?
- Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar
- Borca görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
Rəylər