Gənc qadın dini nikahla ailə qurduğu həyat yoldaşı tərəfindən zorakılığa məruz qalıb.
Oxu.Az xəbər verir ki, “Təmiz dünya” İctimai Birliyindən İnterpress.az-a verilən məlumata görə, Nailə Əliyevanın (ad şərtidir) ər evində işgəncələrə məruz qalması dünyaya uşaq gətirdikdən sonra başlayıb.
Buna səbəb kimi qadının uşağa vaxt ayırması və ev işləri ilə əvvəlki kimi məşğul ola bilməməsi göstərilib:
“Vaxtının çoxunu uşağa sərf etdiyinə görə əri ona işgəncə verib. Qadının üstündə dəfələrlə siqaret söndürüb. Qayınana isə uşağın əlini bilərəkdən sobada yandırıb. Qadına yemək verilməyib, günlərlə ac saxlanılıb. Ailəsi ilə görüşdürməmək üçün kirayə qaldıqları ünvan dəyişdirilib”.
Ancaq qadının anası köhnə qonşuların vasitəsi ilə qızının kirayədə saxlanıldığı ünvanı tapıb və həkim adı ilə qızı evdən çıxarıb:
“Qadının vəziyyəti olduqca ağırdır. Psixoloji problemləri yaranıb. İşgəncələrə məruz qalması bir tərəfə, uşaq da əlindən alınıb. İndi əri başqa bir qadını evə gətirib və onunla bərabər yaşayır. Uşağı isə anasına vermirlər”.
Məsələ ilə bağlı birliyin vəkili müvafiq qurumlara müraciətlər hazırlayır.