İstanbulda “1 Sentyabr Beynəlxalq Sülh günü” ilə əlaqədar aksiya keçirilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, aksiyada Azərbaycandan Nəfəs LGBT də iştirak edib.
Təşkilatın sədri Cavid Nəbiyevin sözlərinə görə, onlar aksiyada “Tanrı hər kəsi olduğu kimi sevir!” plakatını tutaraq İsa Şahmarlının sülh mesajını o meydandan bütün Azərbaycana göndəriblər:
“Çox təəssüf edirik ki, Azərbaycanda deyil də, Türkiyədə bu hüququmuzdan yararlana bildik. Nifrət etmək, öldürmək, təhqir etmək əxlaqdırsa, biz bir əxlaqsızıq. Biz bu cür əxlaqı heteroseksist cəmiyyətlə bölüşə bilmərik. Bizim istəyimiz sülhdür, qəbul edilməyimizdir. Döyülməyimizi, işdən qovulmağımızı, ailəmizdən qovulmağımızı, təhqir edilməyimizi istəmirik. Digər insanlar kimi hüquqların təmin edilməsini istəyirik. Sadəcə sülh içimizdəki nifrət hissinə qalib gələ bilər. Unutmayın biz təkcə gay, lezbiyan, biseksual, transeksual, travesti adlandırdığınız insanlar deyilik. Biz sizin qardaşınız, bacınız, dostunuz, iş yoldaşınız, müəlliminiz, hüquqşunasınız, polisiniz, dövlət məmurunuz, bir sözlə sizin içinizdən olan biriyik. Bizi özünüzdən ayıra bilməyəcəksiniz, bu mümkünsüzdür, biz hər yerdəyik!”
C. Nəbiyev Azərbaycanda fikir və ifadə azadlığı məhdud olduğunu da qeyd edib: “Bunun təzahürü kimi insanların toplu şəkildə sosial və siyasi iradələrini rahatlıqla ifadə edə bilməmələri, indiyə qədər keçirilən aksiyaların qarşısının amansızlıqla polis gücünə alınması, hüquq müdafiəçilərinin həbs edilməsi və son zamanlar bunun sürətlənməsini göstərə bilərik.
Ümumi insan hüquqları durumunun aşağı olmasından təbii ki, LGBT sosial qrupuna daxil olan insanlar da əziyyət çəkirlər. Onlar heteroseksist idarə etmənin qurbanlarına çevriliblər, rahatlıqla öz hüquqlarını ifadə edə və tələb edə bilmirlər. Digər sosial qruplar kimi biz də sərbəst toplaşmaq hüququmuzdan istifadə edə bilmirik”.