"Azərişıq" ASC jurnalistlər üçün növbəti media-tur təşkil edib.
Oxu.Az xəbər verir ki, jurnalistlər üçün təşkil edilən səfər zamanı media nümayəndələrinə "Azərişığ"ın Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən kəndlərində görülən işlər barədə məlumat verilib.
Jurnalistlərə məlumat verən Tovuz Rayon Elektrik Şəbəkəsinin baş mühəndisi Pərviz Namazov rayonun "Böyük Qışlaq" ərazisinin 21 kəndini elektrik enerjisi ilə təmin edən 35kV-luq hava xəttinin yeniləndiyini bildirib.
Belə ki, "Azərişıq" daxili imkanlar hesabına rayonunun Böyük Qışlaq, Çataq, Çeşməli, Həsənli, Qaradaş inzibati ərazi dairəsinə daxil olan kəndləri qidalandıran 110/35/10kV-luq "Zəyəm" yarımstansiyasından çıxan 35kV-luq "Böyük Qışlaq" (Qandallar) hava xəttinin istismara yararsız hala düşən 7 km-lik hissəsini bərpa edib.
"Böyük Qışlaq" hava xəttində 34 ədəd dayaq (19 ədəd anker, 5 ədəd aralıq) yenisi ilə əvəz olunub və 21 km uzunluğunda yeni naqil quraşdırılıb.
Pərviz Namazov xətlərin istismara yararsız halda olduğundan yenidən qurulduğunu deyib:
"35 kV-luq "Böyük Qışlaq" hava xətti 35/10kV-luq "Böyük Qışlaq" yarımstansiyasında 1.6 MVA gücündə transformatoru qidalandırır. Həmin yarımstansiyadan 10kV-luq Çatax və 10kV-luq "Böyük Qışlaq" hava xətləri ilə 34 ədəd müxtəlif güclü transformator məntəqələri qidalanır. 35kV-luq "Böyük Qışlaq" hava xəttinin yenidən qurulması ərazidə kənd təsərrüfatının, sənaye obyektlərinin, turizmin inkişafına və əhalinin dayanıqlı elektrik enerjisi ilə təminatına böyük təsirini göstərəcək. Bu xəttin çəkilişi eyni zamanda dağ turizminin də inkişafına çox böyük təsir göstərəcək".
"Azərişığ"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə deyib ki, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq "Azərişıq" tərəfindən yeni layihələr təsdiq edilib:
"1984-cü ildən istismara verilən 35 kV-luq "Böyük Qışlaq" hava xəttinin ümumi uzunluğu 22,5 km-dir. Hava xətləri 21 kəndə, 11 711 abunentə xidmət edir. 1984-cü ildən istismarda olan hava xətləri keçilməz dağ və əlverişsiz hava şəraiti sıradan çıxarıb.
Həmin xətlər çəkilməsində əl əməyindən daha çox istifadə edilib. Amma hazırda "Azərişığ"ın malik olduğu müasir texnikanın köməyi ilə insan əməyindən istifadə minimuma endirilib və həmin işləri texnikalar yerinə yetirir.
Kəndlərdə 10/0,4 kV-luq şəbəkənin yenidən qurulmasına başlanılıb. Yaxın zamanda Əyyublu, Əhmədabad kəndi istiqamətində olan şəbəkələrin də yenidən qurulması planlaşdırılır".
Qeyd edək ki, Tovuz rayonunda ümumilikdə 102 kənd, 2 şəhər var. Bu rayon ərazisində "Azərişığ"ın 42 min istehlakçısı var ki, onların da təxminən 2 500-ə yaxını qeyri-əhali, 39 500-ü isə əhali qrupu abunəçilərdir.
Əlavə edək ki, "Azərişığ"ın 7 Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) biri olan "Qərb" RETSİ-nin ərazisinə Gəncə şəhəri, Şəmkir, Samux, Tovuz, Daşkəsən, Göygöl, Gədəbəy, Ağstafa və Qazax daxildir.
Xatırladaq ki, Tovuza təşkil edilən media-səfər Azərbaycanda paylayıcı elektrik şəbəkələrinin yaranmasının 90 illiyi münasibəti ilə "Azərenerji" və "Azərişıq" ASC-lərin başladığı kampaniya çərçivəsində reallaşdırılıb. İlin sonuna qədər digər regionlara da belə səfərlərin təşkili planlaşdırılır.
Könül Cəfərli