Sosial şəbəkələrdə azyaşlının nəqliyyat vasitəsini idarə etməsini əks etdirən görüntülərlə bağlı araşdırma aparılır.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
İdarədən bildirilib ki, azyaşlıların nəqliyyat vasitəsini idarə etməsi yolverilməzdir:
"Qəti şəkildə bildiririk ki, azyaşlıların nəqliyyat vasitəsini idarə etməsi qətiyyən yolverilməzdir. Bu kimi hallar həm onların özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün birbaşa təhdid təşkil edir. Valideynləri və nəqliyyat vasitəsi sahiblərini daha məsuliyyətli olmağa çağırırıq.
Uşaqların nəzarətsiz qalmasına, sükan arxasına əyləşməsinə və ya avtomobilə müdaxilə etməsinə şərait yaradan şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Bu kimi halların qarşısı dərhal alınmalı, azyaşlılar üzərində nəzarət təmin edilməlidir", - məlumatda bildirilib.
Paytaxtın Binəqədi rayonunda azyaşlının avtomobil idarə etməsi ilə bağlı kadrlar yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baku.ws-in "qaynar xətti"nə görüntülər göndərilib.
Görüntüləri göndərən şəxs qeyd edib ki, demək olar, hər gün Heydər məscidinə yaxın ərazidə bir qrup insan maşınlarını azyaşlılara verirlər. Onlar da yolda təhlükəli vəziyyət yaradırlar.
Şikayətçilər bu barədə tədbir görülməsini xahiş ediblər.