"Azərbaycanda məişət zorakılığına qarşı mübarizə istiqamətində mühüm addımlar atılıb".
Oxu.Az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində" adlı mətbuat konfransında deyib.
O bildirib ki, cəmiyyətin bu məsələyə diqqətinin artması ilə yanaşı, dövlət səviyyəsində də sistemli islahatlar həyata keçirilib:
"Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2019-cu ildə imzalanan sərəncama əsasən hazırlanmış və 2020-2023-cü illəri əhatə edən "Məişət zorakılığına qarşı mübarizə üzrə Fəaliyyət Planı" təsdiqlənərək icra olunub.
Üç il ərzində həyata keçirilən tədbirlər nəticəsində bu sahədə əhəmiyyətli dəyişikliklərə nail olunub. Cəmiyyətin diqqəti artıb, hadisələrə daha çevik reaksiya verilməsi müşahidə olunub".
Onun sözlərinə görə, məişət zorakılığı ilə bağlı problemlərə münasibət artıq yalnız formal deyil, dərin və sistemli yanaşma tələb edir:
"Fəaliyyət Planının icrasına 19 dövlət qurumu cəlb olunub, ümumilikdə 32 tədbir həyata keçirilib. Yeddi əsas istiqamət üzrə görülən işlər nəticəsində 6 qanuna və 5 fərmana dəyişikliklər edilib.
Komitə bu prosesdə mühüm rol oynayıb. Qanunla müəyyən edilmiş müddəalarla yanaşı, fəaliyyətin koordinasiyası və vahid istiqamətdə aparılması baxımından bu cür planların əhəmiyyəti xüsusi vurğulanır.
Qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində mühüm yeniliklər əldə olunub. "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun əhatə dairəsi genişləndirilib, "yaxın qohumlar" anlayışı daha dəqiq müəyyən edilib.
Bu dəyişikliklər ailə daxilində yaranan problemlərin qarşısının alınması və məsuliyyətin artırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Bundan başqa, məişət zorakılığından zərər çəkən şəxslərə dövlət vəsaiti hesabına pulsuz hüquqi yardım göstərilməsi mümkün olub".
Komitə sədri bildirib ki, mühafizə orderləri ilə bağlı qaydalar da dəyişib:
"Qısamüddətli mühafizə orderlərinin müddəti 30 gündən 60 günə qaldırılıb. Uzunmüddətli mühafizə orderləri isə 60 gündən 180 günədək verilə biləcək. Qanunvericiliyin tələblərinin təkrar pozulması hallarında sanksiyalar sərtləşdirilib.
Eyni zamanda, zərərçəkmiş şəxslər üçün həm mərkəzi, həm də yerli səviyyədə monitorinq və əlaqələndirmə mexanizmləri yaradılıb.
Hazırda bütün icra hakimiyyəti orqanları yanında komissiyalar fəaliyyət göstərir və Dövlət Komitəsi onların işini əlaqələndirir, monitorinq, maarifləndirmə aparır və texniki dəstək göstərir".
Aygün Mirakif