"Napoli"nin yarımmüdafiəçisi Kevin De Bruyne uğurlu əməliyyatı keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında paylaşım edib.
"Hamıya salam! Bildiyiniz kimi, bir müddət əvvəl sıradan çıxmışdım. Yaxşı xəbər var - əməliyyat olundum və hər şey əla keçdi. Qayıdışım artıq başlayıb! Bütün mesajlara görə hamıya təşəkkür edirəm!" - deyə De Bruyne bildirib.
Xatırladaq ki, 34 yaşlı belçikalı futbolçu Seria A-nın 8-ci turunda "İnter"ə qarşı (3:1) matçda zədələnib, ona sağ budun ikibaşlı əzələsinin cırılması diaqnozu qoyulub.
Belçikalı yarımmüdafiəçi bu mövsüm İtaliya klubunun heyətində bütün turnirlərdə 11 matç keçirib, dörd qol vurub və iki məhsuldar ötürmə edib.