Sentyabrın 27-də Səhiyyə Nazirliyi Dünya Ürək Günü münasibətilə Dənizkənarı Milli Parkda “Sağlamlıq yürüşü!” devizi altında marafon keçirib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, marafonun keçirilməsində məqsəd ictimai diqqəti ürək xəstəlikləri problemlərinə yönəltmək, əhalini maarifləndirməkdir.
Yürüşdən əvvəl Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Adil Baxşəliyev bildirib ki, Dünya Ürək Federasiyası tərəfindən Dünya Ürək Günü müxtəlif ölkələrdə qeyd olunur. Sevindirici haldır ki, artıq bizim ölkədə də bu əlamətdar gün münasibətilə müxtəlif tədbirlər keçirilir. Bu, Azərbaycanın səhiyyə sahəsində qazandığı nailiyyətlərdən xəbər verir.
A.Baxşəliyev diqqətə çatdırıb ki, dünyada, eləcə də Azərbaycanda ürək-damar xəstəlikləri çoxalır. Bu xəstəliklərin müalicəsində ən gözəl dərman piyada gəzinti və hərəkətdir.
İnsanları sağlam həyat tərzi yaşamağa, idmanla məşğul olmağa çağıran marafonda Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Kardiologiya İnstitutunun əməkdaşları və idmançılar, ümumilikdə yeddi yüzədək insan iştirak edib.
Bakı İdman Sarayının yanından start götürən yarış Dövlət Bayraq Meydanında başa çatıb.
Yürüş qalibləri nazirlik tərəfindən mükafatlandırılıblar.