Paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində Qışlaq sahəsi adlanan ərazisində yerləşən 122 nömrəli doqquzillik məktəb fəaliyyətini dayandırıb.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, məktəbin bağlanması nəticəsində şagirdlər digər qəsəbələrdəki təhsil müəssisələrinə getmək məcburiyyətində qalıblar.
Sakinlər bildiriblər ki, məktəbdə şagird sayının azalması səbəbindən təhsil müəssisəsinin fəaliyyətinə xitam verilib. Onların sözlərinə görə, hazırda ərazidə yaşayan uşaqların bir qismi məktəblərə çatmaq üçün bir neçə kilometr yol qət etməli olur.
Valideynlər, xüsusilə, azyaşlı uşaqların nəqliyyat problemi ilə üzləşdiyini, bəzi hallarda avtobuslarda şagirdlərin götürülmədiyini iddia ediblər. Sakinlər məktəbin fəaliyyətini dayandırması ilə ailələrin yol və nəqliyyat xərclərinin də artdığını qeyd ediblər.
Onların sözlərinə görə, məktəb binasında lazımi şərait mövcuddur və ərazidə yeni korpus da inşa edilib. Sakinlər məktəbin yenidən fəaliyyətə başlaması üçün alternativ həll yollarının araşdırılmasını istəyirlər.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 122 nömrəli doqquzillik ümumi təhsil məktəbi şagird sayının azlığı ilə əlaqədar 2026-2027-ci tədris ilindən optimallaşdırılıb. Bu barədə valideynlərin əvvəlcədən məlumatlandırıldığı qeyd olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən əlavə edilib ki, valideynlərin müraciətləri əsasında uşaqlar digər tam orta ümumi təhsil məktəblərinə yerləşdiriliblər.
Qurumun məlumatına görə, təhsil müəssisələrinin rasionallaşdırılması prosesi şagird sayı, müəllim təminatı və məktəblərin infrastrukturu nəzərə alınmaqla aparılır. Bildirilib ki, məqsəd məktəb şəbəkəsinin optimallaşdırılması, resursların səmərəli bölüşdürülməsi və daha dayanıqlı təhsil mühitinin formalaşdırılmasıdır.