“Bakı şəhərinin Nəsimi rayonu ərazisində, Məmmədcəfər Cəfərov küçəsində çəkilən qaz xəttinin piyadaların hərəkətinə yaratdığı maneə aradan qaldırılacaq”.
Bununla bağlı Oxu.Az-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov açıqlama verib.
O bildirib ki, həmin ərazi üzrə qaz xəttinin piyadalar üçün müəyyən çətinliklər yaratdığından məlumatlıdırlar:
“Qeyd olunan ərazidən “Azəriqaz” olaraq məlumatlıyıq. Əməkdaşlarımız həmin ərazidə video-çəkiliş həyata keçiriblər və bununla bağlı kiçik video-məlumat əldə etmişik. Həmin ərazidə problemin aradan qaldırılması ilə bağlı işlər bizim planlarımız arasındadır. İşlər sabahdan etibarən icra olunacaq və problem aradan qaldırılacaq. Bununla bağlı mal-material da sabah tədarük olunacaq. Ərazidəki qaz xətti normal vəziyyətə salınmaqla məsələ tənzimlənəcək ki, həmin səki ilə hərəkət edən vətəndaşlara hər hansı bir maneə yaranmasın”.
11.54
Bakının Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsində çəkilən qaz xətti piyadaların hərəkətinə maneə yaradır.
Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Fotolardan da aydın görünür ki, qaz xətti standartlara uyğun çəkilmədiyi üçün, piyadalar onun altından əyilərək keçib yollarına davam edirlər.
