Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda piyadaların rahat hərəkəti üçün xüsusi proqram hazırlanır
"Səkilər şəhər infrastrukturunun ayrılmaz hissəsidir. Son illərdə bu sahədə xeyli işlər görülsə də, hələ də bəzi nöqsanlar mövcuddur. Bakı Şəhər İcra Hakimiyyətində səkilərin salınması zamanı ərazinin xüsusiyyətlərinin nəzərə alınması ilə bağlı xüsusi proqram hazırlanır".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, fiziki məhdudiyyətləri olan şəxslər, uşaq arabaları üçün müyəssər səkilər salınır, bəzi yerlərdə isə maneələr aradan qaldırılır:
"Həmçinin mümkün olan yerlərdə piyada səkilərinin üzərində tikilmiş maneələrin sökülməsi nəzərdə tutulub. Son yeniliklərdən biri yeni piyada səkilərinin salınması zamanı asfalt və sürüşkən səthlərdən imtina edilməsi olub. Bakı iqlimini nəzərə alaraq bu addım sərnişinlərin təhlükəsizliyinə hesablanıb".
"Yeni səkilər xüsusi ekoloji təmiz daşlarla örtülür ki, bu da həm ətraf mühitin qorunması baxımından əlverişli, həm də daha dayanıqlı bir həll hesab olunur. Bununla yanaşı, nəzərə alınmalı digər bir məqam da var: piyada səkilərinin genişləndirilməsi və yenilənməsi zamanı sahibkarlıq subyektlərinin hüquqları qorunmalıdır. Şəhər inkişafı və vətəndaşların rahatlığı arasında balansın qorunması əsas prioritetlərdən biridir", - deyə cavabda qeyd edilib.
Xatırladaq ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib.
Dövlət Proqramı əhaliyə keyfiyyətli nəqliyyat xidmətləri göstərilməsi, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, həmçinin fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən səviyyədə təmin edilməsi və nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi prinsipləri əsasında hazırlanıb.
Məqsəd nəqliyyat sisteminin təkmilləşdirilməsi nəzərdə tutulan Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir.
Aləmdə Nəsib