7 sentyabr 2026-cı il tarixində Bakıda "Advancing the Multimodal Digital Trans-Caspian Corridor: Methodology and Next Steps" mövzusunda 22-ci Beynəlxalq Potensialın Gücləndirilməsi Seminarı keçirilib.
Tədbir BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Respublikası Hökuməti və beynəlxalq tərəfdaşların birgə təşkilatçılığı ilə baş tutub. Seminarda dövlət qurumlarının, beynəlxalq təşkilatların və nəqliyyat-logistika sektorunun nümayəndələri iştirak edərək Trans-Xəzər nəqliyyat marşrutu üzrə rəqəmsal məlumat və sənəd mübadiləsinin inkişaf perspektivlərini müzakirə ediblər.
Açılış mərasimində TRACECA-nın Baş katibi Jasurbek Çoriyev, UNECE-nin regional müşaviri Mario Apostolov və digər çıxışçılar regionda rəqəmsal nəqliyyat dəhlizlərinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıblar.
Seminarın diqqət mərkəzində olan təqdimatlardan biri UNECE-nin elektron dəmir yolu qaimələrinin rəqəmsallaşdırılması üzrə eksperti Orxan Namazovun "SMGS dəmir yolu qaiməsinin rəqəmsal transformasiyası və pilot layihələr" mövzusunda çıxışı olub. O, kağız əsaslı nəqliyyat sənədlərinin BMT/CEFACT standartlarına uyğun elektron formata keçirilməsi, vahid məlumat modelinin tətbiqi və beynəlxalq məlumat mübadiləsinin avtomatlaşdırılması ilə bağlı görülən işləri təqdim edib.
Orxan Namazov bildirib ki, rəqəmsal dəhliz mərkəzləşdirilməmiş ("decentralized") arxitektura əsasında qurulur və hər bir ölkə məlumat mübadiləsini öz milli sistemləri vasitəsilə birbaşa, təhlükəsiz API əlaqələri üzərindən həyata keçirir. Bu yanaşma həm məlumat təhlükəsizliyini, həm də sistemlərarası inteqrasiyanı təmin edir.
Qeyd olunub ki, e-CIM/SMGS üzrə hazırlanmış rəqəmsal prototiplər artıq bir sıra ölkələrin dəmir yolu administrasiyalarında sınaqdan keçirilib və layihənin növbəti mərhələsində milli dəmir yolu, gömrük və "Bir Pəncərə" sistemlərinin inteqrasiyası nəzərdə tutulur.
Seminar zamanı UNECE-nin regional müşaviri Mario Apostolov Orxan Namazovun fəaliyyətini xüsusi qeyd edərək onun yükdaşıma sənədlərinin elektronlaşdırılması sahəsində regionun aparıcı mütəxəssislərindən biri olduğunu bildirib. Apostolov vurğulayıb ki, rəqəmsallaşmanın sürətləndirilməsi üçün hər bir ölkədə beynəlxalq standartları bilən və onları praktikada tətbiq edə bilən mütəxəssislərin hazırlanması mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Orxan Namazov yük qaiməsinin elektronlaşdırılması üzrə regionda azsaylı mütəxəssislərdən biridir. O, kağız əsaslı sənədlərin beynəlxalq standartlara uyğun elektron formata keçirilməsi üzrə böyük təcrübəyə malikdir.