Bakının Suraxanı rayonunda yerləşən kompleksin sakinləri binanın birinci mərtəbəsində fəaliyyət göstərən obyektdən narazıdırlar.
“Yeni Zığ” yaşayış kompleksinin sakinləri şikayətlərini Oxu.Az-ın redaksiyasına göndəriblər.
Sakinlər bildiriblər ki, ərazidə açılan pivəxanada gecə saatlarına qədər davam edən səs-küy onların evdə rahatlığına mane olur.
Onlar iddia ediblər ki, dəfələrlə həmin obyektin sahibinə şikayət etsələr də, heç bir tədbir görülmür:
“Pivəxananın havalandırma sisteminin səsi bizi narahat edir. Sərxoş müştərilərinin davranışları uşaqlarımızın tərbiyəsini pozur. Gecə saatlarında narkomanlar oraya gəlir, içir və küçədə tərbiyəsiz sözlər işlədirlər. Nəticədə biz uşaqlarımızı həyətə buraxa bilmirik. Yaşayış binasının altında ümumiyyətlə bu cür yerin açılması nə qədər düzgündür?”
Sakinlər əlavə ediblər ki, pivəxananın əsas yola baxan tərəfində də yol qanunsuz şəkildə bağlanıb.
İlhamə Əbülfət
Rəylər