Gürcüstanın Batumi şəhərində Azərbaycan vətəndaşı Hafiz Süleymanov itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə itkin düşən şəxsin qohumu, Azərbaycan vətəndaşı Günay Əlizadə "Batumelebi" nəşrinə bildirib.
Günay Əlizadənin sözlərinə görə, avqustun 28-dən bəri Hafiz Süleymanovla əlaqə saxlamaq mümkün olmayıb.
"Sərhəd kameralarının görüntülərini yoxladıq və onun Türkiyədən Gürcüstana keçdiyini dəqiqləşdirdik. Bundan sonra onun haqqında heç bir məlumatımız yoxdur və əlaqə saxlaya bilmirik. O, telefonunu Türkiyədə itirdiyi üçün hazırda onunla əlaqə yaratmaq mümkün deyil. Ailəmiz artıq onun axtarışlarına başlayıb və aidiyyəti qurumlara da müraciət etmişik", - deyə Günay Əlizadə bildirib.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, itkin düşmüş Azərbaycan vətəndaşının tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri həyata keçirilir.