Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakinləri yaşadıqları ərazidəki yolun bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
Oxu.Az Baku TV-yə istinadla bildirir ki, sakinlərin sözlərinə görə, küçənin asfalt örtüyü illərdir dağılıb və onun bərpası istiqamətində heç bir tədbir görülməyib.
Nəticədə həm avtomobillərin hərəkətində ciddi çətinliklər yaranır, həm də təhsil müəssisələrinə gedən məktəblilər əziyyət çəkirlər.
Sakinlərdən biri problemlə bağlı narazılığını belə ifadə edib:
"Bu yolla piyada gəzmək belə mümkünsüzdür. Avtomobillərimiz sıradan çıxır. Əraziyə baxan, problemlə maraqlanan yoxdur".
Digər bir sakin isə vurğulayıb:
"Nə gediş var, nə də gəliş. Dərslərin başlamasına bir həftə qalıb, amma vəziyyət bərbaddır. Bu yolda hərəkət edən maşınların ehtiyat hissələri tez-tez sıradan çıxır".
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvan təmirə ehtiyacı olan yolların siyahısına daxil edilib:
"Həmin ərazinin asfalt örtüyünün yenidən qurulması və bərpası ilə bağlı aidiyyəti quruma müraciət olunub. Prosesin icrası mərhələli şəkildə həyata keçiriləcək".