Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı (AFR) səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, Almaniya Bundestaqı deputatlarının, bu ölkənin siyasi və mədəniyyət xadimlərinin, mətbuat nümayəndələrinin, xarici ölkə diplomatlarının və Azərbaycan diasporu üzvlərinin qatıldıqları tədbiri Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov açıb.
Hadisələr zamanı həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir tədbir iştirakçılarına 20 Yanvar faciəsi haqqında geniş məlumat verib.
P.Şahbazov bildirib ki, Sovet hakimiyyəti tərəfindən Azərbaycan xalqının azadlıq ideallarını beşiyindəcə boğmaq məqsədilə törədilmiş bu qanlı cinayət xalqımızı müstəqillik yolundan döndərməyi bacarmayıb.
Səfir ümummilli liderimiz Heydər Əliyevin qanlı qırğından dərhal sonra Moskvada 20 Yanvar faciəsi üçün məsuliyyət daşıyan Sovet dövlətinin rəhbərlərini ifşa etdiyini və müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə hüquqi-siyasi qiymətin verilməsinə nail olduğunu diqqətə çatdırıb.
Səfir eyni zamanda, təəssüflə qeyd edib ki, hadisələr baş verən zaman Azərbaycan informasiya blokadasında olduğu üçün dünya, o cümlədən Almaniya KİV-lərində 20 Yanvar faciəsi barədə təqdim olunmuş məlumatlar hadisələrin tam obyektiv təsvirini verməyib.
Daha sonra Berlin Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Maria Aux 20 Yanvar hadisələrinin tarixi haqqında məruzə ilə çıxış edib.
O zamankı hadisələri dərindən təhlil edən professor Eva Maria Aux Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və qətliamlara da toxunub, 20 Yanvar faciəsini törətmiş Sovet hökuməti və onun rəhbəri Mixail Qorbaçovu erməni separatçılığına şərait yaratmaqda ittiham edib.
Tədbirin rəsmi hissəsindən sonra Almaniyada yaşayan azərbaycanlı musiqiçilər Tamilla Quliyeva və Anar İbrahimovun ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət anma konserti səsləndirilib. Eyni zamanda, 20 Yanvar faciəsindən bəhs edən tarixi fotoşəkillərdən ibarət sərgi, həmçinin müxtəlif əyani vəsaitlər tədbir iştirakçılarına təqdim olunub.