Azərbaycanın ən maraqlı təbiət abidələrindən biri olan Beşbarmaq dağı 382 metr hündürlüyü ilə diqqət çəkir. Zirvəsindəki qayaların beş barmağa oxşaması səbəbindən qədim zamanlardan bəri bu dağa "Beşbarmaq" adı verilib. Əfsanəyə görə, "dirilik suyu"nu tapmağa çalışan Xıdır peyğəmbər bu dağın zirvəsindəki bulaqdan su içərək ölməzlik qazanıb. Hər il insanlar bu sirli dağa gələrək dualar edir, burada öz arzularını diləyirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin 8 iyun 2020-ci ildə verdiyi Sərəncamla Beşbarmaq dağı Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu olaraq təyin edilib. Qoruğun ərazisi Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşir və Beşbarmaq dağı ətrafındakı təbiət və mədəniyyət abidələrini qorumaq məqsədi güdür. Bu ərazidəki nadir tarixi və mədəni irs Azərbaycanın zəngin tarixini və mədəniyyətini əks etdirir. Burada son tunc - ilk dəmir dövrünə aid yaşayış yeri, Xızırzində piri, orta əsrlərə aid qala qalıqları və XV-XVII əsrlərə aid karvansara qalır.
Beşbarmaq dağı təkcə dini və mənəvi baxımdan önəmli deyil, həm də təbii zənginlikləri ilə seçilir. Qoruq həm unikal təbiət abidəsi, həm də təbii irs nümunəsi olaraq Azərbaycanın turizm xəritəsində xüsusi yer tutur. Dağ həmçinin Azərbaycanda ornitoloji turizm üçün ən gözəl yerlərdən biridir. Buradakı dağlar və dəniz arasındakı keçid, çoxsaylı köç edən quş növləri üçün vacib bir dəhliz rolunu oynayır.
PhotoStock.az Beşbarmaq dağından reportaj hazırlayıb:
Daha çox foto burada: PhotoStock.az