Beşinci "Yüksəliş" müsabiqəsinə fevralın 28-də başlayan qeydiyyat mərhələsi aprelin 10-da başa çatıb.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Yüksəliş" müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib.
O bildirib ki, bu müddət ərzində ümumilikdə 16 553 nəfər müsabiqəyə qatılmaq üçün müraciət edib:
"Builki qeydiyyat əvvəlki illərlə müqayisədə rekord səviyyədə nəticə göstərib. Bu il müsabiqədə qeydiyyatdan keçmiş 16 553 iştirakçıdan 78 nəfərin müraciəti yaş və ali təhsil meyarlarına uyğun gəlmədiyi üçün məlumatların İşçi Qrupu tərəfindən yoxlanılması zamanı ləğv edilib. Qeydiyyatdan keçən iştirakçıların 11 923-ü kişi, 4 630-u isə qadındır. Müsabiqəyə bu il 9 976 nəfər ötən illərdə keçirilən müsabiqədə də iştirak etmiş namizədlər arasından təkrar müraciət edib. Müsabiqəyə ilk dəfə müraciət edən namizədlərin sayı isə 6 577 nəfərdir".
F.Hacıyev qeyd edib ki, ərazi bölgüsünə nəzər yetirdikdə namizədlərin əksəriyyəti Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonlarından müraciət etdikləri görünür.
O, həmçinin qeyd edib ki, müsabiqədə iştirak üçün yaş məhdudiyyəti 21-51 yaş arası müəyyən edilib:
"Qeydiyyatdan keçənlər arasında 21 yaşını tamamlamış 106 nəfər, 51 yaşını tamamlamış 33 nəfər namizəd yer alır. Müsabiqəyə müraciət edən namizədlərin 56.48 %-i dövlət sektorunda, 41.05%-i özəl sektorda, 1.49%-i qeyri-hökumət təşkilatlarında (QHT), 0.98%-i isə beynəlxalq qurumlarda çalışır".
F.Hacıyev bildirib ki, qarşıda müsabiqənin növbəti mərhələsi olan onlayn mərhələnin ümumi biliklər üzrə ilk sınaq imtahanı gəlir:
"Bu mərhələdə iştirakçılara Azərbaycan və dünya üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, idarəetmənin əsasları, eləcə də müasir trendləri əhatə edən 4 blok üzrə 25 sual təqdim olunacaq.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər".
Qeyd edək ki, sayca beşinci "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Aləmdə Nəsib