Azərbaycanda səfərdə olan beynəlxalq səyyahlar işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində minatəmizləmə işləri ilə tanış olublar.
“Report” xəbər verir ki, əvvəlcə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) rəsmiləri tərəfindən səyahətçiləri maraqlandıran suallar cavablandırılıb.
Qonaqlara ermənilər tərəfindən basdırılan minalar, xüsusilə də mülki şəxsləri və uşaqları hədəfə alan silah-sursatlar haqqında məlumat verilib.
Agentliyin baş mütəxəssisi Mədət Məmmədov bildirib ki, Azərbaycanın əldə etdiyi müasir avadanlıqlar həmin minaları aşkarlamağa və zərərsizləşdirməyə imkan verir.
Daha sonra səyyahların marağı nəzərə alınaraq ərazidə aşkarlanan minaların zərərsizləşdirilməsi əməliyyatı həyata keçirilib.
Qeyd edək ki, sentyabrın 8-də dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Beynəlxalq səyahətçilər 3 gün ərzində Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.
Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veleydir.






10:53
Azad edilmiş ərazilərə səfər çərçivəsində beynəlxalq səyyahlar Azıx mağarasında olublar.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, səyyahlara mağaranın tarixi əhəmiyyəti və orada aparılan arxeoloji qazıntılar barədə məlumat verilib.
Qeyd olunub ki, arxeoloji tədqiqatlar zamanı mağarada məskunlaşmış azıxantrop və neandertal insan qruplarının sümükləri tapılıb.
Bildirilib ki, işğal dövründə Azıx mağarası vandallıq hallarına məruz qalıb.


10:45
Xarici səyahətçilər Füzuli şəhərinin mərkəzində olublar.
Trend-in verdiyi məlumata görə, onlara bərpa işləri haqqında danışılıb. Səyahətçilər şəhərdəki tikinti işlərini müşahidə ediblər.
“Vaxtilə Füzulinin yüz minə yaxın əhalisi var idi. Dövlətin apardığı sorğuya görə, məcburi köçkünlərin 67 faizi heç bir şərait olmadan buraya qayıtmağa və öz evlərini tikməyə hazırdır. Ümumilikdə isə köçkünlərin 98 faizi azad edilmiş torpaqlara qayıtmaq istəyirlər”, - deyə səyahətçilərə bildirilib.
Qeyd edək ki, 20-dən çox ölkədən gəlmiş məşhur səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri təşkil olunub.
Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People-Ən çox Səyahət Edən İnsanlar) klubunun təsisçisi Çarlz Veleydir.
Sentyabrın 10-dək davam edəcək səfər işğaldan azad edilmiş ərazilərin “qara turizm” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.





09:33
Bu gün əcnəbi səyyahların Azərbaycanın işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri başlayıb.
“Report” xəbər verir ki, səyyahlar öncə Füzulinin Alxanlı kəndində yerləşən qədim məsciddə olublar.
Onlara işğal dövründə dağıdılmış və içində heyvan saxlanılmış bu məscid haqqında ətraflı məlumat verilib.
Səfər proqramına Füzuli Beynəlxalq Hava Limanına və Xocavənd rayonunda yerləşən Azıx mağarasına baş çəkilməsi də daxildir.







