Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Binə kəndinin sakinlərinin yol problemi: "Asfalt çəkməyə pulları yoxdursa, ÇINQIL TÖKSÜNLƏR"
Suraxanı rayonunun Binə kəndində şəhid Qardaşxan Əhmədlinin adını daşıyan küçənin sakinləri uzun müddətdir ki, yolsuzluqdan əziyyət çəkirlər.
Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
Qeyd olunub ki, sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir reaksiya ala bilməyiblər.
"Küçəmizin vəziyyəti o qədər acınacaqlıdır ki, yağıntılı havada palçıq dizə çıxır, gediş-gəlişi çətinləşir. Bir anlıq hava yağıntılı olanda, buradakı vəziyyətin necə olduğunu təsəvvür edin. Palçıq dizə çıxır. Yazmışıq, demişik, heç bir nəticə yoxdur. Asfalt çəkməyə pulları yoxdursa, razıyıq, heç olmasa gətirib bir-iki maşın çınqıl töksünlər yola ki, camaat bu palçığın içində əziyyət çəkməsin", - deyə şikayətdə vurğulanır.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, rayonda asfaltsız küçələrin təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq məktubla müraciət ünvanlanıb.
"Qeyd edək ki, asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlərin görülməsi müvafiq dövlət proqramlarına əsasən planauyğun ardıcıllıqla aidiyyəti icraçı təşkilat tərəfindən yerinə yetiriləcək", - deyə açıqlamada bildirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli isə Oxu.Az-a açıqlamasında bildirdi ki, qəsəbədaxili ərazilərdə rahat gediş-gəlişin təmin olunması üçün yerli icra strukturları tərəfindən addımlar atılmalıdır.
"Bildirmək istərdim ki, sözügedən ərazi qəsəbədaxili yol olduğu üçün AAYDA-nın balansında deyil. Buna baxmayaraq, biz aidiyyəti üzrə əməkdaşlara məlumat verəcəyik ki, gedib əraziyə baxsınlar. Yəni agentlik olaraq əlimizdən gələn köməyi edərik, amma bu məsələlərin həlli üçün yerli icra strukturları tərəfindən addımlar atılmalıdır", - deyə A. Nəcəfli vurğulayıb.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Sumqayıtda sürücülərin yol nişanı ilə "imtahanı": Görməyi bacaran təəccüblənir
- "Ukrayna dairəsi"ndə təmir bitdi, problemlər başladı: "Hər gün TIXACDA QALIRIQ"
- "Kanalizasiya qoxusundan boğuluruq" - Suraxanıdan ŞİKAYƏT
- Evi sökülən şəxslə MTK-nın davası: "Pul ilə danışığa getmək olardı, amma şişirdilmiş rəqəmə yox"
- Maştağadakı su kanalında antisanitar vəziyyət yarandı
Rəylər