Qan Turalı yazır...
Avropada bir kabus dolaşmaqdadır-kommunizm kabusu. Karl Marks və Fridrix Engelsin birgə qələmə aldığı "Kommunist partiyasının manifesti"nin ilk cümləsi olan bu məşhur ifadələri müasir dövrdə bu cür əvəzləmək olar: "Avropada bir kabus dolaşmaqdadır-qaramatlıq kabusu".
İndiki dövrdə ən çox satılan şey də məhz budur-qaramatlıq. İnsanlar özlərinin və başqalarının qanını qaraltmağı müqəddəs bir missiya kimi qəbul ediblər.
Bu heç də adi və sadə bir vəziyyət deyil, dərin sosial və psixoloji səbəbləri olan mürəkkəb bir hadisədir. Qaramatlıq cəmiyyətdəki ümumi əhvali-ruhiyyəni aşağı salan, ruhi sarsıntılara, stres başda olmaqla bir çox psixoloji problemlərə qapı aralayan bir tendensiyadır.
Ancaq günah heç də insanların özündə deyil. Həm də sosial şəbəkələrdədir. Belə ki, sosial şəbəkələr neqativ statusları daha çox önə çıxarır. Başqa cür desək, cəmiyyətin ümumi ab-havasını insanlar yox, alqoritmlər müəyyən edir. Bu tarixin heç bir mərhələsində rast gəlmədiyimiz son dərəcə yeni bir mexanizmdir.
ABŞ və Böyük Britaniyanın internet istifadəçiləri arasında aparılan bir araşdırma neqativ xəbərlərin 1.91 dəfə daha çox paylaşıldığını göstərir. Bu tendensiya ənənəvi mediaya da aiddir. Belə ki, neqativ məzmunlu xəbər başlıqları 2.3 faiz daha çox izlənir.

Bir az alqoritmlər barədə...
"Bir neçə kod cəmiyyəti dəyişdirə bilərmi?" adlı məqalə neqativ məzmunlu kontentlərin 300 faiz, başqa sözlə üç dəfə artıq göstərildiyi qeyd olunur. Məqalədə "alqoritmlərin neqativ meyili" adlı termindən istifadə edilib.
Bəs neqativ postlar dedikdə nə nəzərdə tutulur? Bir çox hallarda digər siyasi qruplara qarşı nifrət aşılayan paylaşımlar. Bu paylaşımlar qadınlara da aid ola bilər, qarşı siyasi cəbhəyə də, eləcə də rəqib futbol komandasının azarkeşlərinə də. Misal üçün, "Qalatasaray" azarkeşlərinə rəqib komandanın tərəfdarlarının yazdığı "Qalatasaray"la bağlı neqativ paylaşımlar daha çox göstərilir. Bu siyasi mübarizə fonunda da eynidir. Misal üçün, bir adam müxalifdirsə, ona müxalif və neqativ postlar daha çox görünür. Ya da siz nədənsə şikayətçisinizsə, sizə daha çox şikayət postları göstərilir. Ancaq misal üçün hansısa bir problemi analitik, rasional tərəfdən göstərən paylaşımlar alqoritmin diqqətindən kənarda qalır. Çünki orada neqativlik yoxdur, dolayısı ilə emosiya, qəzəb, nifrət də yoxdur.
Alqoritmlərin neqativ tendensiyasını müşahidə etmək üçün şəxsi təcrübə də kifayət edir. Bunun üçün çoxlu araşdırma oxumağa heç ehtiyac da yoxdur. Sadəcə olaraq bir neqativ və bir pozitiv post yazın. Mən də iki post - neqativ və pozitiv post yazdım. Pozitiv post neqativdən bədii üslub baxımından çox yaxşı olsa da, təxminən 20 faiz az reaksiya aldı. Bu da alqoritmlərin bizi idarə etdiyini göstərir.
Ancaq burada qarşılıqlı əlaqədən də danışmaq gərəkdir. Belə ki, insanlar daim qorxulu xəbərlərə daha çox meyillidir. Bu çox güman ki, özünüqoruma instinkti ilə bağlıdır. Misal üçün, öz ailə üzvlərini qətlə yetirən Əhmədlə bağlı xəbərləri götürək. Bu xəbərlər insanlarda dərin narahatlıq doğurur, çünki bu hadisənin öz başlarına gələ biləcəyini düşünürlər. Buna görə də bu xəbərlər daha çox oxunur.
Ya da sosial təminatla bağlı xəbərlər... Pensiyaların artması, maaşların artması, qiymətlərin qalxması, vergilərin artırılması ya da endirilməsi və s. Bu cür xəbərlər də insanlarda öz sosial vəziyyəti ilə bağlı narahatlıq doğurduğu üçün daha çox oxunur. Sosial media alqoritmləri da bu xəbərləri daha çox göstərir. Ancaq əlbəttə ki, neqativ planda.
İlk baxışdan burada qəribə heç nə yoxdur. Əlbəttə ki, təqaüdçü üçün öz pensiyasının artması daha vacib xəbərdir, nəinki Yaxın Şərqdə baş verənlər. Ancaq alqoritmlər bu qədər məsum deyil. Belə ki, onlar vəziyyətdən sui-istifadə edirlər. Belə ki, insanların maraqlarının olduğu məsələlərdə xüsusi olaraq yazılan xəbərləri daha çox adama göstərir. Bayaq qeyd etdiyimiz kimi, bəzən üç dəfə artıq miqdarda...
Buna görə də insanlar "Ölkə dağılır" tipli xəbərləri daha çox görməyə meyillənirlər. Ya da qadına qarşı nifrəti təbliğ edən paylaşımlar... Bu da insanları asanlıqla yönləndirir. Onların içində var olan qorxuları alovlandırır və beləliklə də insanlar sosial şəbəkəyə daha çox aludə olurlar. Daha çox aludəçilik isə daha çox reklam deməkdir. Başqa cür desək sosial media alqoritmləri insanların zəifliyindən sui-istifadə edir.
İnsanlar gələcəkdə bizi robotların idarə edəcəyindən qorxurlar. Halbuki, robotlar, süni intellektə əsaslanan alqoritmlər elə indi də bizi idarə edir. Buradan xilas olmaq imkanımız isə hələ də qalır. Ancaq bunun üçün təhlükənin fərqində olmaq gərəkdir.