Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“BQXK-nın hərəkətləri təhrikedici və təxribatçı fəaliyyət kimi qiymətləndirilməlidir” - RƏY + FOTO
“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin hər hansı əks-arqumenti və yersiz israrı təhrikedici və təxribatçı fəaliyyət kimi qiymətləndirilməlidir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, 30 illik münaqişə dövründə, eləcə də postmüharibə reallığında BQXK Azərbaycana münasibətdə ciddi və səmərəli fəaliyyət ortaya qoymayıb, yalnız kosmetik işlər görüb və imitasiya ilə məşğul olub.
Deputatın sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanın Qarabağ bölgəsində mövcud formada fəaliyyəti üçün heç bir hüquqi və humanitar zəmin yoxdur:
“Hüquqi aspektdən yanaşsaq, 1949-cu il Cenevrə konvensiyaları, onun 1977-ci il Protokolları və 2005-ci il Əlavə Protokollarının iştirakçısı olan dövlətlər təsisata silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat veriblər. Amma bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında yaşayan erməni sakinlərin heç bir formada xüsusi müdafiəsinə ehtiyac yoxdur. Azərbaycan həmin sakinlər qarşısında sadə tələblər qoyub, onlar vətəndaşlığımızı qəbul etməklə Azərbaycan vətəndaşlarının malik olduqları bütün haqlara sahib olacaq və Azərbaycan cəmiyyətinin ayrılmaz parçası kimi inkişaf və tərəqqiyə həm öz töhfələrini verəcək, həm də faydalanacaqlar. Bunun üçün isə onları əsarətdə saxlayan xunta rejiminin tərk-silah edilməsi, erməniəsilli sakinlərin isə Azərbaycan cəmiyyətinə ləyaqətli formada və ən qısa zamanda reinteqrasiya prosesinin başlanması zəruridir. Lakin BQXK-nın mövcudluğu birbaşa təmasların məqsədli formada qarşısını almaqla həm də reinteqrasiya prosesini ləngidir. Eyni zamanda, təşkilat bölgədə varlığı ilə dünya ictimaiyyətinə sanki bölgədə humanitar zərurət varmış kimi siqnal ötürür ki, bu da yolverilməzdir”.
“İşğala və təcavüzə məruz qaldığımız 30 il ərzində qurumun Ermənistanın dövlət səviyyəsində törətdiyi beynəlxalq humanitar hüquq pozuntularına dair heç bir narahatlıq ifadə edən mövqeyinin, yaxud əməli fəaliyyətinin şahidi olmamışıq. Əksinə, BQXK proseslərdə tərəf kimi çıxış edib, müharibə dövründə və postmünaqişə periodunda bu strukturun əməkdaşlarının hərbi əməliyyat bölgələrində kəşfiyyat xarakterli məlumatları Ermənistana ötürməsi ilə bağlı ciddi və əsaslandırılmış şübhələr var”, - o qeyd edib.
Deputat bildirib ki, son dövrlər isə Dövlət Sərhəd Xidmətinin milli və beynəlxalq hüquqi aktları rəhbər tutmaqla sərhəd-nəzarət tədbirləri çərçivəsində “Laçın” sərhəd-buraxılış məntəqəsində Qırmızı Xaçın daha bir qanunsuzluğu, qaçaqmalçılıq fəaliyyətinin iştirakçısı olması faktı ortaya çıxıb:
“Təşkilatın fəaliyyət məqsədləri ilə uzlaşmayan və eyni zamanda, Azərbaycan ərazisinə Ermənistandan silah-sursat daşınması ehtimallarını güman etməyə əsas verən bu hal BQXK-nın regionda humanitar hüququn yox, separatizm və terrorun müdafiəsində çətir rolunu oynadığını üzə çıxarır. Xüsusən, qurumun bölgədəki fəaliyyətinə Azərbaycana dost olmayan ölkələrin vətəndaşlarının, əməkdaşlarının məqsədli formada daha çox cəlb edilməsi bu şübhələri daha da möhkəmləndirir. Bu isə artıq BQXK-nın özünün məqsədlərini və həddini aşdığını, Azərbaycanla təşkilat arasında hüquqi bazis üzrə öhdəliklərini pozduğunu göstərir”.
Onun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı Nümayəndəliyi 1992-ci il martın 3-dən fəaliyyət göstərir:
“Açılışdan iki həftə sonra isə Bakı ofisinə bağlı olmaqla Ağdam və Bərdə rayonlarında da ofislər fəaliyyətə başlayıb. 1996-cı il iyulun 29-da Azərbaycan Respublikası ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında BQXK-nın və onun Azərbaycan Respublikası ərazisində yerləşən nümayəndəliyinin hüquqi statusu haqqında saziş imzalanıb. Sənədin ikinci maddəsində ifadə olunub ki, BQXK öz vəzifələrini yerinə yetirmək və qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikasının ərazisində hüquqi şəxsə xas olan hüquqlardan istifadə edən nümayəndəlik təsis edir. Lakin o zaman Azərbaycanın qarşılaşdığı çətin situasiyadan istifadə edərək BQXK gələcək mənfur planlar naminə Xankəndidə açılan ofisi Azərbaycan yox, Ermənistan nümayəndəliyinə bağladı. Baxmayaraq ki, Azərbaycanın Konstitusiyasının 11-ci maddəsinə görə, ərazimiz vahiddir, toxunulmazdır və bölünməzdir. BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi, Beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsi və Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə 1975-ci il 1 avqust tarixli Helsinki Yekun Aktında müəyyən olunmuş prinsiplərə görə, dövlətlərin ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsas şərtdir”.
B.Məhərrəmov vurğulayıb ki, Xankəndi də Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bunu hətta Ermənistanın baş naziri də dəfələrlə bəyan edib:
“Belə bir vəziyyətdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin təşkilatın İrəvan nümayəndəliyinə bağlı olması bütün hallarda beynəlxalq hüququn prinsiplərinin pozuntusu, Azərbaycanın suverenliyinə isə hörmətsizlik olmaqla daha bir davam edən pozuntudur və bu tendensiyaya da dərhal son qoyulmalıdır. BQXK Azərbaycanla imzalanan 1996-cı il sazişi ilə öhdəsinə götürüb ki, Azərbaycan Respublikasının dövlət mənafelərini nəzərə almalıdır. Sənədin 9-cu maddəsinin 13-cü bəndində isə ifadə olunur ki, Nümayəndəliyin üzvləri Azərbaycan Respublikasının qanun və qərarlarına onların dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan hörmət etməyi öhdələrinə götürür. Sazişin 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikası BQXK-ya öz qərarının motivlərini bildirmədən 1961-ci il Vyana müqaviləsinin 9-cu bəndi ilə nəzərdə tutulan şərtlər və onlardan irəli gələn nəticələrlə konkret addımlar atmaq hüququnu özündə saxlayır”.
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb