Bu gün Milli Qəhrəmanlar Niyazi Aslanov və Füzuli Rüstəmovun doğum günüdür.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən verilən məlumata görə, Niyazi Şərəfxan oğlu Aslanov 1960-cı il dekabrın 25-də Goranboy rayonu Tapqaraqoyunlu kəndində anadan olub.
O, 1988-ci ildə ilk yaradılan özünümüdafiə dəstəsinə daxil olub, özünün ələ keçirib təmir etdiyi düşmən tankında Goranboyun Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tapqaraqoyunlu kəndlərinin, həmçinin Tərtər, Ağdam bölgələrinin müdafiəsində rəşadətlə vuruşub, 1992-ci il mayın 4-də Tapqaraqoyunlu kəndi yaxınlığında döyüşdə komandirini xilas edərkən qəhrəmanlıqla həlak olub. 1993-cü il fevralın 5-də Milli Qəhrəman adına layiq görülüb.
Tapqaraqoyunlu kəndində dəfn edilib, Tapqaraqoyunlu kənd orta məktəbi və Naftalan şəhərindəki küçələrdən biri onun adını daşıyır, Goranboy şəhərində büstü qoyulub.
Füzuli Salah oğlu Rüstəmov 1965-ci il dekabrın 25-də Tərtər rayonu Hüsənli kəndində anadan olub.
O, uşaq vaxtlarından Xocalıda babasının himayəsində yaşayıb, müharibənin ilk günlərindən özünümüdafiə dəstəsinə daxil olub, bir sıra əməliyyatlarda yaxından iştirak edib, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yaralı komandiri Adil Quliyevi döyüş meydanından çıxarıb, 3 dəfə Xocalıya girərək dinc əhalinin çıxarılmasında əsl qəhrəmanlıq göstərib, son dəfə geri qayıdarkən güllə yarası alıb və Ağdam xəstəxanasında dünyasını dəyişib. 1997-ci il fevarlın 25-də Milli Qəhrəman adına layiq görülüb.
Tərtər rayonu Hüsənli kəndində dəfn edilib.