Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır.
Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?
Oxu.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Deputat vurğulayıb ki, bəzi adamlar gəlib övladını işə düzəltməyi xahiş edir.
“Amma adam da var ki, gəlib deyir ki, mənim övladıma bir iş düzəlt. Məlum olur ki, oğlunun nə ali təhsili, nə də əlavə bacarığı var. Deyirəm, bəs nə əcəb tikintiyə işləməyə göndərmirsən? Deyir, aaa, bəs ayıb deyil? Deməzlər ki, filankəsin oğlu fəhləlik edir? Bu yanaşma düzgün, doğru deyil. Axı o niyə daş daşımamalıdır? Niyə fəhlə olmamalıdır? Cəmiyyətdə bəzilərinin belə məsələlərə baxışı kökündən doğru deyil. Axı halal yolla pul qazanmaq ayıb olmamalıdır”, - deyə, o, bildirib.
Deputat həmçinin işsizlik probleminə də toxunub:
“Deyirlər ki, guya iş yoxdur. Mən bununla da razı deyiləm. Populyar və qeyri-populyar, yüksək və az ödənişli iş məsələsi var. Çox təəssüf ki, adam var öz kəndində, rayonunda fəhləlik etmir, amma Bakıya gəlib kirayə mənzildə yaşayaraq eyni əməkhaqqı ilə fəhlə işləyir. Guya onu rayonda tanıyanlardan utanır, bu işi özünə ayıb hesab edir. Nə vaxtdan çörək qazanmaq ayıb olub? Bu gün bölgələrdə artıq malabaxan, torpaqda işləyən adam tapmaq müşkülə çevrilib”.
Manatın məzənnəsindən danışan deputat bildirib ki, “uzun müddət manat sabit qaldı”.
“Camaat bəzən bunun qədrini bilmədi. Elə bilirlər ki, bu sabitlik göydən düşür. Dünyanın əksər ölkələrində 12-14 faizlik inflyasiya baş verirdi, bizdə isə cəmi 1,4 faiz. Bu nə idi? Bu, stabillik demək idi. Bu, adamlarımızın rifahına, güzəranına kömək idi. Amma çoxları bunu başa düşmürdü. Hər il 2-2,5 milyard vəsait sərf olunurdu ki, bu stabillik qorunsun. İndi isə manat dollara nisbətdə dünyadakı real məzənnəyə qayıdıb”.
Deputat həmçinin əhalini qənaətcil olmağa, pulun qədrini bilməyə çağırıb.
Doğulacaq ikinci və növbəti qız uşaqlarının adına hesab açılacağı və həmin hesaba 10 min manat vəsaitin köçürüləcəyi barədə məlumatları şərh edən deputat bildirib ki, “yayılan xəbərlər əsassızdır”.
“Bu, kökündən düzgün deyil. Dünyada belə bir praktika yoxdur. Bəziləri bu məsələdə Rusiyanı misal göstərirlər. Axı Rusiya demoqrafik uçurumun kandarında idi. Hər il ölkə əhalisinin sayı 1 milyon nəfərə yaxın azalırdı. Onlar hələ 2 il öncə balans yarada biləndə buna sevinirdilər. Azərbaycanda isə belə bir problem yoxdur. Ölkədə hər il orta hesabla 130-150 min nəfərlik təbii artım var. Ona görə də bu, kökündən yanlış məsələdir. Belə şey etmək olmaz”, - deyə, H.Rəcəbli vurğulayıb.