Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Deputat: Nazirlər gəlir, gedir, problem həll edilməmiş qalır
Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən üçüncü oxunuşda olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirə olunub.
Oxu.Az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri Hadi Rəcəbli bildirib ki, qanun layihəsi çox əhəmiyyətlidir və ötən müddətdə də onunla bağlı ciddi müzakirələr keçirilib, bir sıra irad və təkliflər səsləndirilib.
Bununla yanaşı, komitə sədri ikinci oxunuşda qanun layihəsinə ciddi iradlar olmadığını da sözlərinə əlavə edib:
“İkinci oxunuşun müzakirələri sakit tərzdə keçdi, yəni, sənəd xeyli təkmilləşdirildiyi üçün ona iradlar tutulmadı”.
Komitə sədri qanun layihəsinin təkmilləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də mühüm rolunun olduğunu söyləyib:
“Artıq nazirliyin rəhbərliyi dəyişdirilib, yeni rəhbərlik gəlib. Biz bundan sonrakı dövrdə adıçəkilən nazirliklə fəaliyyətimizi düzgün qurmağa, əlaqəli şəkildə əməkdaşlığa çalışacağıq”.
H.Rəcəbli ölkədə hələ də əlilliyin müəyyənləşdirilməsi ilə bağlı həllini gözləyən məsələlər olduğunu söyləyib:
“Bu yöndə fikirlər, iradlar səslənir, müzakirələr gedir. Bu baxımdan, hesab edirəm ki, bu qanunun qəbulundan və icraya yönəldilməsindən sonra bu istiqamətdəki məsələlər öz həllini tapacaq”.
Adıçəkilən komitənin sədr müavini Rauf Əliyev deyib ki, son beş ildə ölkədə 100 min əlil artıb:
“Bakı üzrə isə 20 min artıb. Əgər, bu, doğrudan da, əlildirsə, əlillik dərəcəsini alsın, əlil deyilsə, o zaman əlillik dərəcəsi verilməsin. Mən indi deyə bilmərəm ki, bu artım necə olub, düzdür, ya düz deyil, amma belə bir rəqəm ortadadır və bu qlobal məsələdir, problemdir. Bu həllini tapmalıdır”.
H. Rəcəbli bildirib ki, Azərbaycanda hazırda 1 milyon 300 mindən çox əmək pensiyaçısı var:
“Onlardan da 320 mini ikinci və üçüncü qrup əlillərdir, yəni, əlillik dərəcəsi alanlardır”.
Komitənin üzvü İlham Məmmədov təklif edib ki, adıçəkilən problem həll etmək üçün ümumi bir komissiya, İşçi Qrupu yaradılsın və mövcud olan qanunvercilik nəzərdən keçirilsin:
“Yəni, əlilliyin müəyyənləşdirilməsi ilə bağlı kriteriyalar da nəzərdən keçirilsin, təkmilləşdirilsin. Bu məsələdə köhnə stereotiplərdən uzaqlaşmalıyıq. Yeni nazir təyin olunub. Əvvəllər parlamentdə çalışıb, gənc, perspektivli kadrdır. Onunla, nazirliklə komitəmiz bu məsələdə əl-ələ verib, problemin çözümünə çalışmalıyıq”.
Yenidən məsələyə qayıdan H. Rəcəbli gələcəkdə mövcud qanunvericliyə dəyişikliyi nəzərdə tutan yeni qanun layihəsinin müzakirələrə təqdim olunmasını istisna etməyib.
Komitənin üzvü Musa Quliyev nazirlərin dəyişməsinə baxmayaraq, problemin qalmaqda davam etməsini və həlli gözləməsini diqqətə çatdırıb:
“Bir nazir gəlir, bu məsələdən danışır, sonra gedir, yerinə başqası gəlir, yenə də həmin məsələdən danışır, amma problem yerində, həll olunmamış qalır. Bu məsələ ciddi məsələdir və ona ciddi də yanaşılmasını tələb edir.
Əlilliyin verilməsində ən ciddi problem isə odur ki, əlillik dərəcəsinə ehtiyacı olub, amma onu alma bilməyənlərdir. Əlillik dərəcəsinə ehtiyacı olduğu halda, bunu ala bilməyən insanlarımız, əlillərimiz var. Bunlar ağrılı məsələdir və təcili həllini tapmalıdır”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda iş adamı onu ev pişiyinə oxşadan işçisini vəhşicəsinə döydü - ANBAAN GÖRÜNTÜLƏR
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
Rəylər