Milli Məclisdə dərsliklərin rəqəmsallaşdırılması təklif edilib.
Müzakirələr zamanı bunun kitablarda yaranacaq səhvlərin qısa müddətdə aradan qaldırılmasına imkan verəcəyi qeyd olunub.
Maraqlıdır, bəs görəsən, dərsliklərin rəqəmsallaşdırılmasının hansı müsbət və mənfi tərəfləri ola bilər?
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev deyib ki, dərsliklərin rəqəmsallaşması ilk növbədə məktəblilərin çantalarının yüngülləşməsinə şərait yaradacaq:

"Rəqəmsallaşma dövrün tələbidir və bu proses qaçılmazdır. Artıq təhsil sənədlərinin də elektronlaşdırılmasına başlanılıb. Buna görə də kitabların və dərs vəsaitlərinin elektron formata keçirilməsi günümüzün əsas tələblərindən biridir. Bunun müsbət cəhətlərindən biri ondan ibarətdir ki, kitablara sərf olunan maliyyə xərcləri azalacaq. Hər il dərsliklərin çapına kifayət qədər böyük məbləğdə vəsait ayrılır.
Digər üstün amil isə ondan ibarətdir ki, əvvəl dərsliklərdə aşkar edilən səhvlər yalnız 3-5 ildən bir yenidən çap zamanı düzəldilirdi. Artıq elektron dərsliklərdə hər hansı səhv olarsa, illərlə gözləməyə ehtiyac qalmayacaq. PDF və "e-kitab" formatında bu problemləri daha qısa müddətdə aradan qaldırmaq mümkün olacaq.
Eyni zamanda bu, məktəblilərin çantalarının yüngülləşməsinə də şərait yaradacaq. Hazırda həm dərsliklər, həm də yazı üçün nəzərdə tutulan iş dəftərləri şagird çantalarını həddindən artıq ağırlaşdırır. Rəqəmsallaşma sayəsində isə sadəcə bir elektron cihaz və oxu materialı ilə bu problem aradan qalxacaq.
Mənfi cəhətə gəlincə, uşaqların elektron cihazlara uzun müddət baxması nəticəsində görmə qabiliyyətinin zəifləməsi mümkündür. Mobil telefon və planşetlərə asılılığın qarşısını almaq üçün dərs vəsaitlərindən istifadənin nəzarət altında həyata keçirilməsi məqsədəuyğun olardı".
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, dərsliklərin rəqəmsallaşmasının öyrənmə prosesinə hər hansı mənfi təsiri olmayacaq:

"Müasir dövr bizdən yeni yanaşma tələb edir. Hazırda dünyanın bir çox ölkələrində bu proses gedir, dərsliklərin rəqəmsallaşdırılmasına başlanılıb və ölkəmizdə də bu istiqamətdə müəyyən işlər görülür.
Buna mərhələli şəkildə yanaşmaq lazımdır.
Prosesi onlayn şəkildə həyata keçirmək mümkündür və bu, daha az vəsait tələb edər. Məsələn, elektron dərslik üzərində işləyərək, mövcud problemləri asanlıqla aradan qaldırmaq olar. Halbuki çap olunmuş dərsliklərin yenidən buraxılması gələcəkdə əlavə çətinliklər və maliyyə yükü yaradır.
Əgər bu məsələni sistemli şəkildə tətbiq edə bilsək, düşünürəm ki, problemin həlli mümkün olacaq. Burada söhbət ənənəvi dərsliklərin tamamilə sıradan çıxarılmasından getmir. Lakin hesab edirəm ki, əsas dərsliklər rəqəmsal formatda olmalıdır.
Öyrənmə prosesinə mümkün təsirlərə gəldikdə isə inanmıram ki, bunun ciddi mənfi fəsadları olsun. Əksinə, müsbət tərəfləri daha çoxdur. Uşaqların göz sağlamlığı ilə bağlı narahatlıqlara gəlincə, bu məsələ xüsusi qoruyucu eynəklərdən istifadə etməklə həll oluna bilər".
Aygün Mirakif