"Alpin" komandasının pilotu Pyer Qasli Bakıda keçiriləcək "Formula-1" Azərbaycan Qran-prisi ilə bağlı fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, fransalı sürücü Bakı trasında çıxış etməyin xoş olduğunu bildirib.
"Qarşıda mövsümün çox gərgin və çətin yarışlardan ibarət mərhələsi var. Bakıda hər zaman çətinliklərin öhdəsindən gəlmək lazım olur və burada çıxış etmək mənə xoşdur. Trasın həm sürətli, həm də çoxsaylı döngələrdən ibarət hissələrini bəyənirəm. Burada ötmə üçün çoxlu imkanlar olduğundan yarışlar adətən maraqlı keçir", - deyə P.Qasli bildirib.
O, Bakıda komandanı ciddi sınağın gözlədiyini vurğulayıb:
"Müasir bolidlərin özünü Bakıda necə göstərəcəyini görəcəyik. Amma əminəm ki, bizi ciddi sınaq gözləyir. Ümid edirəm ki, hazırkı rəqabət qabiliyyətimizi qoruyub saxlaya biləcəyik. Hazırda komandamız yaxşı çıxış edir və qarşıdakı ardıcıl yarışlarda da bu səviyyəni qorumaq vacibdir".
P.Qasli 2021-ci ildə Bakıda podiuma yüksəldiyini də xatırladıb:
"Lakin son illərdə bu tras komandamız üçün o qədər də uğurlu olmayıb. Yarışdan bir gün öncə məhsuldar işləyərək bolid üçün düzgün sazlamaları tapmağa çalışacağıq. Bu, bizə sıralanma turunda bolidin imkanlarından maksimum istifadə etməyə kömək edə bilər. Ümid edirəm ki, yenidən start cədvəlində daha yuxarı mövqedə yer almaq və xal uğrunda mübarizə aparmaq imkanımız olacaq".
"Alpin"in digər pilotu Franko Kolapinto isə Bakıya qayıtmağı səbirsizliklə gözlədiyini bildirib.

"Madriddə imkanlarımızdan maksimum istifadə etdik. Ümid edirəm ki, burada da yaxşı nəticə göstərəcəyik. Bakı trasında sürətli hissələrlə yanaşı, divarların bolidlərə çox yaxın olduğu şəhər küçələri də var. Buna görə də İspaniyada göstərdiyimiz sürəti Bakıda da qorumağa çalışacağıq. Qarşıdakı həftələrdə bizi çox gərgin yarış cədvəli gözləyir. Bu səbəbdən qarşımıza çıxan hər fürsətdən istifadə etmək vacibdir", - deyə argentinalı pilot qeyd edib.
Kolapinto son illərdə Bakıda maraqlı yarışların keçirildiyini vurğulayıb:
"Biz mümkün qədər əlverişli mövqedə qərarlaşmaq və şanslarımızdan yararlanmaq üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz yenidən finişə tez çatmaq və Konstruktorlar Kubokunda rəqiblərimizlə aramızdakı xal fərqini azaltmaqdır".
Qeyd edək ki, "Formula-1" Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakı Şəhər Halqasında keçiriləcək.