Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dini bilgi və dünyagörüşü: 110 nəfər imam namizədi nəyi bilmədi?
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən islam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçirilən növbəti müsabiqənin müsahibə mərhələsi başa çatıb. Elan edilən müsabiqəyə 185 namizədin müraciəti qeydə alınıb. Onlardan 171 nəfəri müsabiqədə iştirak edib. Ümumilikdə 110 namizəd keçid balını toplaya bilməyib.
DQİDK tərəfindən açıqlanan rəqəmlər bir sıra suallar doğurub. Belə ki, müsabiqədən keçməyənlərin sayının çox olması diqqət çəkib.
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını DQİDK-nın Dini Məsələlər Şöbəsinin müdiri Cahandar Əlifzadə cavablandırıb:
- Hazırda açıqlanan nəticələrə görə, müsahibədən keçməyənlərin sayı keçənlərin sayını az qala iki dəfə üstələyir. Bunun səbəbi nədir? İslam dininə dair təməl bilgiləri zəifdirmi?
- "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası"na uyğun olaraq, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 27 iyun - 6 iyul tarixlərində müsahibə təşkil edilib. Müsahibə zamanı namizədlərin dini bilikləri ilə yanaşı, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktları barədə məlumatlılığı, eləcə də ümumi dünyagörüşü yoxlanılır. Onların bilikləri müsahibə komissiyasının üzvləri tərəfindən 0-5 ballıq şkala ilə qiymətləndirilir. 26-dan az bal toplayan namizədlər uğur qazanmış hesab edilmirlər.
- Ümumilikdə neçə vakansiya üzrə nə qədər şəxs müsahibədə iştirak edib? Onlardan neçəsi müsahibədən keçib?
- İndiyədək vakant yerlərə müraciət edən 1 002 namizəddən 338-i uğur qazanıb. Bunlardan 59-u qadın, 279-u isə kişi namizədlərdir. Onlardan 240 nəfəri işlə təmin edilib.
- Müsahibədə iştirak edən şəxslərdən əvvəllər imam kimi çalışanlar olub?
- Namizədlər sırasında təxminən 50 nəfəri öncədən din xadimi kimi fəaliyyət göstərmiş şəxslərdir.
- Müsahibə sualları və şərtləri nələrdir?
- Müsahibədə iştirak edən namizədlərə komissiya tərəfindən "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası"nın 2.6-ci maddəsində göstərilən müsahibə proqramı (Azərbaycan Respublikası Konstitusiyası və dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktları, Qurani-Kərim, hədis, fiqh, əqaid, təfsir, dini xitabət, dil bilikləri, islam tarixi; Azərbaycan tarixi, digər dinlər barədə məlumat, ümumi dünyagörüşü) əsasında suallar ünvanlanır.
Müsahibədə iştirak etmək istəyənlər Qaydanın 2.7-ci maddəsində göstərilən sənədləri (şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış, tərcümeyi-hal, dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış, sağlamlıq haqqında arayış, narkoloji dispanserdən arayış, ruhi-əsəb dispanserindən arayış, məhkumluq barədə arayış, 3x4 ölçüdə 4 ədəd foto, ərizə) elektron qaydada və ya kağız daşıyıcıda komitəyə təqdim edirlər. Tələb olunan sənədlərdən əlavə, namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.
Könül Cəfərli
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK)" teqi üzrə xəbərlər
- Gündüz İsmayılov: "Azərbaycanda dinin siyasiləşdirilməsinə, məzhəbçiliyə yönələn cəhdlər var"
- Tanınmış jurnalistə Dövlət Komitəsində vəzifə verilib
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı ARTIRILDI
- COP29 çərçivəsində Dini Liderlərin Qlobal Bakı Sammiti keçiriləcək
- Azərbaycanda iki məsciddə vacib sənədlər itdi
Rəylər