2014-cü ildə Azərbaycan Respublikası vətəndaşlığı haqqında qanuna edilmiş dəyişikliyə əsasən, xarici dövlətin vətəndaşlarını almış şəxsin Azərbaycan vətəndaşlığına xitam verilir. Xarici vətəndaşlıq almış şəxs bu barədə Azərbaycanın müvafiq qurumlarına məlumat verməlidir. Əks halda, şəxsi ciddi cəza və cinayət məsuliyyətinə cəlbetmə gözləyir.
Qeyd edək ki, bu qanun 2014-cü ilədək vətəndaşlıq alan şəxslərə şamil edilmir. Artıq bir müddətdir ki, Dövlət Miqrasiya Xidməti xaricdə yaşayan Azərbaycan vətəndaşları ilə bağlı araşdırmaya başlayıb və əcnəbi ölkə vətəndaşlığı almış şəxslərə Azərbaycan vətəndaşlığından çıxmaları ilə bağlı xəbərdarlıq edilir.
Məsələ Türkiyə vətəndaşları ilə ailə quraraq bu ölkədə yaşayan azərbaycanlıları narahat edib. Bir neçə gündür onlar narahatlıqlarını ifadə edirlər, Azərbaycan vətəndaşlığından çıxmaq istəmədiklərini bildirirlər.
Oxu.Az xəbər verir ki, modern.az saytının əməkdaşı onlardan bəzilərinin problemini dinləyib.
Aynurə Dastan Türkiyə vətəndaşı ilə ailə qurub, qardaş ölkədə yaşayır. Deyir ki, o, vətənini sevir və bağlarını ayırmaq istəmir:
“Mən xarici vətəndaşla evlənərək vətənimə xəyanət etməmişəm. Cinayət işim yoxdur, niyə məni vətəndaşlıqdan çıxarsınlar?”.
Türkiyədə yaşayan başqa bir azərbaycanlı Vəfa Cəfərova isə hesab edir ki, bu addım insan hüqüqlarına ziddir:
“Mən ailə quraraq bura gəlmişəm. Amma vətənimi sevirəm. Niyə mən doğulub-böyüdüyüm ölkəmə turist kimi getməliyəm? Biz məcburən Türkiyə vətəndaşı olmalıyıq. Çünkü bu, hər il oturum izni almaq üçün uzun bir prosedurdur. Burada işləməyə və ya başqa fəaliyyətlə məşğul olmağa gəlməmişik. Yəni ailə qurduğumuza görə ölkəmiz bizdən imtina edəcək? Türkiyədə beş minə yaxın evli azərbaycanlı xanım var. Azərbaycan 5 min seçicisindən imtina edəcək?”.
Raifa Qasımova da eyni fikirdədir: “Mən vətənimi sevirəm! Ailəm, yaxınlarım Azərbaycandadır. Nəsə pis bir iş görmüşük? Başqa bir işə görə gəlmişik? Mən vətənimdən imtina edib gəlib burada yaşamıram ki? Övladımız var, onun üçün də burdayıq. Məncə, qanunda istisnalar olmalıdır. Bizi ölkəsindən könüllü imtina edənlərlə eyni tərəziyə qoymamalıdırlar. Burada diaspor fəaliyyəti də nəzərə alınmalıdır”.
Gülnarə Hacıyeva da Türkiyədə ailə quranlardandır. Onun fikrincə, bu qanun ədalətli deyil:
“Ailə qurub vətəndaşlıq almaqla, vətəndən imtina edərək vətəndaşlıq almaq eynidirmi? Biz vətənin hansı dəyərlərinə hörmətsizlik etmişik? “Qara siyahı”dayıq, yoxsa axtarışda? Ölkəmizə nə ziyanımız var? Seçkilərdə səfirliyə, konsulluğa gedib, səs veririk. Tarixi günləri qeyd edirik, hüznümüz bir, sevincimiz bir. Qanuna dəyişiklik 2014-cü ilə qədər ailə quranlara şamil edilmir. Qanunun geri qüvvəsi yoxdu. Amma onlar düz, bizmi əyriyik?”.
Azərbaycanda uzun illər aparıcı olmuş Gülnarə Məmmədova Kurt da hesab edir ki, qanunda istisnalar olmalıdır:
“Məncə, dövlətimiz qanuna bir daha nəzər salmalı və mexanızmi işləməlidir. Çünkü biz burada yaşayırıq, ailə qurmuşuq. Müəyyən prosedurlara görə, sosial güvənliyimiz üçün vətəndaşlıq alırıq. Biz qadınıq, vətəndaş olaraq hüqüqlarımızı daha rahat müdafiə edirik. Çünki heç kim mənfi hadisələrdən sığortalanmayıb. Məncə, Azərbaycan hökuməti qanunda istisnalar etməlidir”.
Qeyd edək ki, Türkiyədə ailə quran xanımlar Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevaya 8 Mart - Beynəlxalq Qadınlar Gününə qədər rəsmi müraciət ünvanlayacaq və ondan bu məsələdə yardım istəyəcəklər.
Məsələ Milli Məclisdə qaldırılacaq
Azərbaycanlı xanımların fikirlərindən xəbərdar olan, millət vəkili Zahid Oruc isə bununla baglı Milli Məclisin iclasında məsələ qaldıracaq. O, xanımların narahatlığını haqlı hesab edir.
“Narahatlığınızda haqlısınız. 2014-cü ildə qəbul edilmiş qanuna görə, ikili vətəndaşlığa yol verilmir. Bu qanun hamıya şamil edilir, istisnalar yoxdu. Qanunun geriyə qüvvəsi olmadığına görə, həmin vaxtadək xarici vətəndaşlıq alanlardan bu qanun yan keçir. Ona görə məsələn, Türkiyədə vətəndaşlıq alan şəxsin avtomatik olaraq bizdə vətəndaş statusu itir. Hazırda bununla bağlı mürəkkəb vəziyyət yaranıb. Təəssüf ki, son 3 ildə vətəndaşlıq alanlardan imtina ediləcək”.
Millət vəkili deyir ki, vətəndaşlıq alıb dövlətə bununla bağlı məlumat verməyən şəxs isə Cinayət Məcəlləsinin 318.2 bəndi ilə məsuliyyətə cəlb ediləcək.
“Məncə də qanunda istisnalar olmalıdır. Milli Məclisin növbəti iclasında bu məsləni qaldıracağam”.
Miqrasiya xidməti nə deyir?
Dövlət Miqrasiya Xidmətindən isə bildirilib ki, hələ ki, bu qanunun icrasına başlanmayıb. Çünki qanunda müəyyən məsələlər var ki, onlarla bağlı tam qərar verilməyib. Mümkündür ki, istisnalar olsun və ya şərtsiz tətbiq edilsin. Amma hələ ki, Dövlət Miqrasiya Xidməti vətəndaşlıqdan çıxarma işlərinə başlamayıb.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşı vətəndaşlıq alan şəxslərin araşdırılaraq üzə çıxarılmasının başqa səbəblərinin olduğunu bildirib.
“Bu, pasport və ya ölkəyə giriş-çıxışla baglı ola bilər. Çünki qanun 2014-də qəbul edilsə də, icrasına başlanmayıb”.
Amma Azərbaycan vətəndaşlığından çıxan azərbaycanlılar yenidən ölkə vətəndaşlığını seçə bilərlər. Vətəndaşlığa bərpanın da şərtləri var. Könüllü çıxanlar yenidən sənədlərini hazırlayır, ölkə prezidentinə müraciət edir və dövlət rüsümunu ödəyərək vətəndaşlığa geri qayıdır. Təbii ki, bu məsələ vətənə xəyanət, cinayət və bu kimi hallarda vətəndaşı silinənlərdə fərqlidir. Lakin bununla bağlı da qanun tam işlənməyib.
Qeyd edək ki, qanunun icrasına başlanılmadığını Azərbaycanın Türkiyədəki səfirliyindən də bildiriblər.
A.S.
www.oxu.az