Bu günlərdə Azərbaycanın internet seqmentində istifadəçilərdən birinin paylaşdığı şəkil yaman səs-küyə səbəb olub.
Şəkildə çox məşhur, amma təəssüf ki, bizim əhalinin müəyyən təbəqəsində elə də populyar olmayan lateksdən hazırlanmış hamiləliyə qarşı, sadə dildə prezervativin reklamı əks olunub.
Həmvətənlərimizin narazılığına səbəb olan bu şəkil paytaxt əczaxanalarından birinin qapısından asılıb və bu qəbildən olan məhsulun reklamına uyğun şəkildə reklamdan ibarətdir – şəkildə yarıçılpaq qadın və onu qucaqlayan kişi təsvir edilib.
Cinslərin qarşılıqlı münasibətlərinin az qala kult kimi yüksəldilən və absurd vəziyyətə qədər alçaldılan bir ölkədə bu reklam yüksək, hətta deyərdim qeyri-sağlam bir marağa səbəb olmalı idi.
Ara o qədər qarışmışdı ki, sanki bir az da belə davam etsəydi, əlində yaba və məşəllərlə özlərini küçələrə atıb “Ay camaat, axı ana-bacı, arvad uşaq var!” qışqıranlar da olacaqdı.
Ölkəmiz həqiqətən cəmiyyətimizi parçalayan təzadlar, kontrastlar ölkəsidir, onlardan isə yaxa qurtarmaq mümkün deyil. Bir tərəfdən “heç kimdən əskik deyilik” prinsipini sübut etməyə çalışaraq öz vətəndaşlarımızı super-avropalı kimi görünməyə məcbur edirik. Bunun üçün dar şalvarlar, dəbli saç düzümləri, cürbəcür “çolka”lar, hətta bəzən elə kreativ ayaqqabılar geyinirik ki, sarı “ştibletli” Ostap Bender görsəydi paxıllığından hönkürüb ağlayardı. Amma digər tərəfdən qürurla “milli mentalitet” adlandırdığımız anlayış özünü biruzə verərək bu müasir vətəndaşları orta əsr dindarı kimi danışmağa məcbur edir.
Amma onu da deyək ki, ilk dəfə Azərbaycanda HİV infeksiyası tapıldığı 1987-ci ildən bu tərəfə AİDS ilə mübarizə Respublika Mərkəzində İÇ virusunun aşkarlandığı 5000 nəfər qeydiyyatdan keçib. Cinsi yolla yoluxan digər yüngül xəstəliklər barədə danışmıram. Unutmayaq ki, bu, sadəcə rəsmi statistikadır.
Məncə bəzi qadınların abort ilə öz sağlamlıqlarına böyük zərbə vurduqlarını da qeyd etmək artıq olmazdı. Onlar ya bu kontraseptiv vasitələrdən xəbərsizdirlər, yeri gəlmişkən qeyd edim ki, onlar hələ qədim Misirdə məlum idilər, və yaxud da onların istifadəsini ayıb, yaxud da yanlış bir şey hesab edirlər. Tibb işçilərinin isə bəzi cütlüklərin onların yuyub-qurudub yenidən istifadə etməsi haqqında danışdıqları əhvalatlar da mövcuddur.
Bax, belə problemləri olan cəmiyyət əhalinin seksual maariflənməsini dəstəkləməkdən və kontraseptiv vasitələrin yardımı ilə infeksiya və xəstəliklərdən qorunmağı təbliğ etməkdənsə istənilən digər cəmiyyətdə heç kimin fikir verməyəcəyi bir şəkilə görə səs-küy yaradıb.
Yarıçılpaq qadının təsvir edildiyi reklam ayıbdır? Bəs azyaşlı qızları ərə vermək necə, ayıb deyil? Qan qohumu olanlar arasında nikah bağlayaraq öz millətini məhvə aparmaq normaldır? Dəfələrlə abort etdirib sağlamlığa zərbə vurmaq və körpəni öldürmək yaxşıdır? Öz tərəf müqabilini ölümcül xəstəliyə yoluxdurmaq əladır, hə?
Ənənələr, mentalitet gözəl anlayışlardır və hər bir xalqa özünütəsdiq və tarixini bilmək üçün lazımdır. Amma orta əsrlərin qaydalarının müasir cəmiyyətdə tətbiq olunmasına, millətin sağlamlığını təhlükə altına atmasına icazə vermək lazım deyil, ələlxüsus da əgər bu cəmiyyət sivil cəmiyyət adına iddialıdırsa...

Aliyə İsmayılzadə