Aylıq 200 manat məbləğində müəyyən olunan Prezident təqaüdü Əfqanıstanda sovet qoşunlarının tərkibində həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə (valideynlərinə və dul arvadına) təyin edilir və onların sayına bərabər bölünməklə ödənilir.
Oxu.Az-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, respublikadan kənarda yaşayan ailə üzvlərinə təqaüd onların arzularına əsasən Azərbaycan banklarında açılmış şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülə bilər.
Xatırladaq ki, sözügedən təqaüdün təyin olunması üçün vətəndaşlar ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə (DSTX) və ya DSTX-nin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etməlidirlər.
Qeyd edək ki, İlham Əliyevin 2014-cü il 11 avqust tarixli “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı cari il yanvarın 1-dən qüvvəyə minib.