“Mənə bəzən sual verirlər ki, düzgün yerləşdirilməyən binalar söküləcəkmi? Əlbəttə, onların sökülməsi böyük problemdir, çünki onlar mülkiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət toxunulmazdır. Amma atalar məsəlində deyildiyi kimi, “zərərin yarısından da qayıtmaq xeyirdir”.
Bu fikirləri Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə AZƏRTAC-a müsahibəsində qeyd edib.
O bildirib ki, Bakının mərkəzi hissəsi yeni tikililərlə, müasir binalarla həddindən artıq yüklənib:
“Mən demirəm ki, mərkəzi hissədə yeni, müasir binalar olmasın. Hər dövr Bakının simasında öz izini qoymalıdır və keçmiş irs gələcək nəsillərə ötürülməlidir. Amma Bakının mərkəzi xüsusi bir ərazidir. Burada yanaşmalar da xüsusi olmalıdır. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyət və incəsənət xadimləri ilə görüşəndə müxtəlif istiqamətlərdə söhbətlər aparıldı. Mən Memarlar İttifaqının sədri olaraq çıxışımda dedim ki, Bakının tarixi mərkəzinin sərhədləri müəyyənləşməlidir. Bu tarixi sərhədlər daxilində bütün fəaliyyət növləri mütləq məhdudlaşdırılmalı, xüsusi şərtlər olmalıdır. Bakının yeni Baş planında bu ərazilərin sərhədləri artıq təsdiqlənib və bu ərazidə reqlamentlər qoyulub. Həm hündürlük, həm sıxlıq. Bu məsələlərə artıq başqa cür baxılacaq. Mənə bəzən sual verirlər ki, düzgün yerləşdirilməyən binalar söküləcəkmi? Əlbəttə, onların sökülməsi böyük problemdir, çünki onlar mülkiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət toxunulmazdır. Amma atalar məsəlində deyildiyi kimi, “zərərin yarısından da qayıtmaq xeyirdir”. Gəlin bundan sonra yaşadığımız mühiti və onun qorunub saxlanılmasını düşünək. Bizim təklifimiz yeni Baş planın hazırlanmasında ən əsas tələblərindən biri idi. Bu məsələ reallaşdı və artıq reqlamentlər qoyulub ki, şəhərin mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq. Eyni zamanda, şəhərdə sıxlığın da qarşısı alınacaq”.
“Memarlıq və inşaat daim dünyada baş verən yenilikləri tez qəbul edən sahələrdən biridir. Məsələn, yeni tikinti texnologiyaları mövcuddur. Betonların möhkəmləndirilməsində, armaturun hazırlanmasında, eyni zamanda, binaların avadanlığında, insanların rahat yaşaması üçün də yeni texnologiyalardan istifadə edilir. Əvvəllər memarlar öz layihələrində binalarda ayrıca havalandırma sistemini düşünmürdülər. Bu gün xüsusi rabitə xətləri, internet var. Odur ki, müasirlik bizim memarlıq fəaliyyətində əsas yerlərdən birini tutur. Bildiyimiz kimi, ölkəmizdə yerli şirkətlərlə yanaşı, xarici tikinti şirkətləri də, o cümlədən Avstriya, İngiltərə, Almaniya, həmçinin Türkiyə şirkətləri iştirak edirlər. Onların müasir, qabaqcıl təcrübəsindən istifadə olunur. Bizim memarların da yeniliklərindən bəhrələnmək üçün gözəl imkanlarımız var. Memarlar İttifaqı Beynəlxalq Memarlar İttifaqı ilə birgə iki ildən bir beynəlxalq memarlıq müsabiqəsi keçirir. Ötən il keçirilən müsabiqədə 40-dan çox ölkədən 300-ə yaxın layihə təqdim olunub. Azərbaycan memarları da bu yeniliklərlə yaxından tanış olaraq istifadə edirlər”, - deyə E.Qasımzadə qeyd edib.
Rəylər