Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində intihara cəhd etmiş ikinci qrup əlil Rəşid Nəbiyevin vəziyyəti ağır olaraq qalır.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, intihara cəhd edən şəxs özünə qəsd etməsinin səbəblərinə də aydınlıq gətirib:
“Danışmağa əziyyət çəkirəm, ağrılarım var. Məni çox incitdilər, canımdan bezdirdilər. Ona görə məcbur olub özümə qəsd elədim. Özümü çox pis hiss edirəm. Mən ikinci qrup əliləm, amma dərəcəmi düz vermirdilər. Çox get-gələ saldılar, axırda 3-cü qrup verdilər. Hadisə nazirliyin birinci mərtəbəsində olub. Dedim ki, nazirin qəbuluna düşmək istəyirəm. Şərait yaratmadılar”.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Elman Babayev Qafqazinfo-ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Yalandır. Dünən nazir Salyanda olub. Orada yaşayan vətəndaşları qəbul edib”.
11:30
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində intihara cəhd hadisəsi baş verib.
Oxu.Az Aznews.az-a istinadən xəbər verir ki, hadisə mayın 29-da günorta saatlarında nazirliyin binasında qeydə alınıb.
Nazirlikdə vətəndaşların qəbulu zamanı 53 yaşlı kişi naməlum səbəbdən özünə bıçaqla xəsarət yetirib. O, qəbul otağında bıçaqla bud nahiyəsini doğrayıb. Yaralı dərhal akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə yerləşdirilib.
Mərkəzdən hadisənin baş verməsi faktı təsdiqlənib. Bildirilib ki, xəstə - 53 yaşlı, əlil Rəşid Nəbiyev bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə klinikaya yerləşdirilib. Onun üzərində dərhal cərrahi əməliyyat aparılıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, R.Nəbiyevin intihara cəhd etməsinə səbəb nazirliyin əlilliyin müəyyənləşdirilməsi ilə bağlı ekspert rəyinə etiraz etməsi olub:
“O, birinci qrup əlil idi. Təkrar komissiyada isə onun dərəcəsi azaldılaraq 3-cü dərəcə edildi. Əlil də buna etiraz edərək, özünü doğradı”.