Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əsrarəngiz təbiət, “qara qızıl”, bir də buruqlar: Meşədən neft necə çıxır? - REPORTAJ + FOTO
Azərbaycanın elə bir rayonu var ki, orada meşədən də neft çıxır.
Bəli, düz oxudunuz, meşə və neft...
Siyəzən rayonunda yerləşən meşədə neft buruqları yerin təkindən “qara qızıl” çıxarır.
Necə deyərlər, “Siyəzənneft” Neft və Qaz Çıxarma İdarəsinin (NQÇİ) istehsalat sahəsinin fəaliyyəti təbiətlə harmoniya təşkil edir.
Bu, NQÇİ üçün ikiqat məsuliyyətdir. Burada həm istehsalat, həm də təbiət qorunmalıdır.
Oxu.Az-ın əməkdaşları da təbiətlə sənaye arasında harmoniyanın necə saxlanıldığının şahidi olmaq üçün NQÇİ-nin istehsalat sahəsində olublar.
Təxminən bir saat yarımlıq yol qət etdikdən sonra “Siyəzənneft” NQÇİ-nin yerləşdiyi idarənin girişinə çatırıq.
İlk olaraq idarənin əməkdaşları tərəfindən ziyarətçilər üçün giriş təlimatı keçirilir. İdarədə həyəcan siqnalı verilərsə, təxliyə planına uyğun toplanış məntəqəsi, qoruyucu vasitələrdən istifadə qaydası, “qırmızı zona” və sair barədə məlumat aldıqdan sonra NQÇİ-nin istehsalat sahəsinə daxil oluruq.
Qeyd edək ki, “Siyəzənneft” NQÇİ-nin balansında iki yataq var. Bunlar “Siyəzən Monoklinalı” və “Şurabad” yataqlarıdır.
Yolumuzun üstündə “Siyəzənneft” Neft və Qaz Çıxarma İdarəsinin monoklinalının “Siyəzən-Nardaran” sahəsində ilk qazılan quyusu kimi tarixə düşən yer var. Burada NQÇİ-nin rəisi Ayaz Bağırov bildirir ki, beş nömrəli kəşfiyyat quyusunda qazma işləri 1939-cu il aprelin 15-də başlayıb:
“Elə həmin ilin avqustun 8-də də yekunlaşıb. “Şurabad” yatağında olan quyular az hasilatlıdır. Hazırkı dövr üçün xərcləri ödəmədiyinə görə müvəqqəti olaraq konservasiyaya qoyulub.
Yalnız NQÇİ “Siyəzən Monoklinalı” yatağında istismar işlərini davam etdirir. Monoklinalın neft-qazlılığı 1939-cu ildə kəşf edilib. Beş nömrəli kəşfiyyat quyusunun sınağı zamanı səkkiz ton gündəlik neft fontanı vurub. Bununla da yatağın sənaye əhəmiyyətli neftliliyi müəyyən olunub. Yatağın neftliliyi Maykop, Qovundağ, Sumqayıt, qismən də Üst Təbaşir çöküntü kompleksi ilə əlaqədardır. “Siyəzən Monoklinalı”nda işlənmənin əvvəlindən 1 867 quyu qazılıb”.
Rəisdən öyrənirik ki, NQÇİ-də istismar fondu 347 quyu olmaqla, hazırda 327 işlək quyu vasitəsilə istismar işləri həyata keçirilir. Yataqdan neftlə birlikdə hasil edilən lay suları isə ekoloji tarazlığın qorunması və ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün utilizasiya məqsədilə mədən ərazisində mövcud olan 88 uducu quyuya vurulur.
Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində yerləşən Siyəzən rayonunda neft buruqlarının olduğu əraziyə çatırıq. Budur, dörd bir tərəfi meşə və “qara qızıl”ın hasil olunduğu məkan.
Burada neft çıxarılsa da, ekoloji vəziyyətə də xüsusi diqqət yetirilir.
A.Bağırov deyir ki, NQÇİ-nin istismarda olan yataqlarında hasil olunan səmt, təbii qazların tam itkisiz yığılması və istehlakçılara çatdırılması istiqamətində son illərdir təxirəsalınmaz işlər aparılır:
“Bu istiqamətdə bir çox layihələr işlənib və həyata keçirilib. “Siyəzənneft” NQÇİ-nin işlənmədə olan yataqlarından hasil olunan qaz həcmlərinin yığılması məqsədilə tədbirlər aparılır və bu, hazırda da davam etdirilir. Bir saylı Neft və Qaz Çıxarma Stansiyasının (NQÇS) dörd nömrəli xidmət sahəsi üzrə quyuların səmt qazının yığılması məqsədilə 6 000 metr məsafədə mədəndaxili kollektor çəkilib və 28 ədəd quyunun qaz xətti həmin kollektora birləşdirilib.
14 ədəd qaz separatoru təmizlənib, üç ədəd NQK-7/1-5 markalı, bir ədəd NQK-3,5/1-5 markalı kompressor təmir olunub. İki saylı NQÇS-nin I xidmət sahəsi ərazisində 16 nömrəli sahə kompressorunun qəbul xətti istiqamətində 100 metr olmaqla 100 mm-lik kollektor çəkilib”.
Bir neçə il bundan əvvəl “Siyəzənneft” NQÇİ-nin quyularından çıxan səmt qazı yığılaraq, yaxın ətrafdakı yaşayış məntəqələrinə verilməsi nəzərdə tutulan SOCAR-ın BMT ilə birgə həyata keçirdiyi NAMA layihəsi ilə əlaqədar 32 km məsafədə qaz kollektoru çəkilib.
Layihə çərçivəsində “Siyəzənneft” NQÇİ-də alçaqtəzyiqli səmt qazlarının yığılaraq yaxın ətrafdakı yaşayış məntəqələrinə - 15 kənd üzrə 600 ailənin 1 250 üzvünə verilməsi planlaşdırılır.
Rəis əlavə edib ki, bu layihədən 600 yeni abonentin yararlanması nəzərdə tutulub ki, hazırda onlardan 385 abonent üçün yeni sayğaclar quraşdırılaraq qazla təmin olunub:
“Digər abonentlərin də qazla təmin olunması işləri mərhələli şəkildə həyata keçirilir”.
Bu ilin səkkiz ayında səkkiz istismar quyusu qazılıb və bu quyulardan 3 116 ton neft hasil edilib. Yan lülə qazmasından bir quyu alınıb və 579 ton neft hasil olunub. Fəaliyyətsiz və konservasiya fondundan 13 quyu təmir edilərək istismara qaytarılıb, 1 027 ton neft alınıb.
Aparılan geoloji və texniki tədbirlərin sayı 144, bunlardan neft hasilatı isə 1 430 ton olub. Bundan başqa, hazırda iki quyuda istismar qazıması davam etdirilir, həmçinin, iki ləğv quyusunda əsaslı təmir briqadası işlər aparır. Geoloji-texniki tədbirlər, fəaliyyətsiz və konservasiya fondundan da olan quyularda işlər davamlı olaraq aparılır.
“Siyəzənneft” NQÇİ-nin ümumi məsələlər üzrə rəis müavini Tapdıq Qocamanov deyir ki, səmt qazlarını yığmaqla qlobal iqlim dəyişmələrinə təsir edən istilik effekti yaradan metan qazının atmosferə atılmasının qarşısı alınıb:
“Qazın yığılması həm sosial məsələnin, həm də lokal ekoloji problemin həllinə yardım edib. Belə ki, atmosferə atılan alçaqtəzyiqli səmt qazlarının tam şəkildə yığılaraq yaxın ətrafda yaşayan əhalinin istifadəsinə verilməsi, bir tərəfdən, əhalinin uzun müddətdən bəri gözlədiyi qaza olan tələbatının ödənməsinə, digər tərəfdən isə əsasən, qış aylarında yaxın ətrafda mövcud olan meşələrin qırılmasının qarşısının alınmasına, o cümlədən bununla da meşələrin qorunmasına nail olunub.
NAMA layihəsinin tam həyata keçirilməsi ilə yığılacaq səmt qazının emal olunduqdan sonra əhalinin istehlakına yönəldilməsi nəticəsində yaxın ətrafdakı 15 kənd - Məşrif, Orta Calğan, Daşlı Calğan, Qalaaltı, Dağ Quşçu, Qozağacı, Düz Bilici, Xəlifələr, İzmara, Bilici, Zeyvə, Baş Əmirxanlı, Güləh, Çarağ və Təkyə qazla təchiz olunacaq”.
O deyir ki, yataq meşə və dağlıq ərazidə yerləşdiyindən ekoloji tarazlığın pozulmaması, ətraf mühitə zərər vurmadan işlərin qurulmasına çox böyük önəm verilir:
“Belə ki, işlərin planlı şəkildə qurulması və təmirlərin ciddi nəzarət altında aparılması nəticəsində ətraf mühitin qorunması təmin olunur. Yeni quyuların qazılması, fəaliyyətsiz fonddan quyuların təmir edilərək işə salınmasında və quyularda aparılan əsaslı və yeraltı təmirlər zamanı ətraf mühitə zərərlərin olmaması üçün mütəmadi monitorinqlər və digər ölçmə işləri aparılaraq hesabatlar hazırlanır.
Bu quyuların qazılmasında və təmir edilib işə salınmasında təbiətə dəyəcək mənfi təsirlər qabaqcadan müəyyən edilərək aradan qaldırılır. Bütün bu qeyd edilən çətinliklərə baxmayaraq, neft-qaz hasilatını sabit saxlamaq və artırmaq üçün tədbirlər aparılır. Yeni istismar quyularının qazılması, ləğv fondundan quyuların qaytarılması, geoloji-texniki tədbirlərin aparılması, fəaliyyətsiz və konservasiya fondundan quyuların təmir edilərək istismara qaytarılması, yan lülə ilə quyuların qazılması işləri davam etdirilir”.
Bu cür füsunkar təbiətdə “qara qızıl”ın çıxarılması prosesini izlədikdən sonra səfərimizi başa vurub, Bakıya yola düşürük...
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib
Rəylər