"Bu film artıq "Global Media Group"un dəstəyi ilə "Report"un çəkdiyi üçüncü filmdir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında "Report" İnformasiya Agentliyinin direktoru, "Vətən daşı" filminin baş prodüseri Fuad Hüseynəliyev sözügedən filmin təqdimat mərasimində deyib.
O bildirib ki, lentə alınan hər üç sənədli film Qarabağa, Qarabağın azad olunmasına və azadlıqdan sonra yeni hekayələrin ortaya çıxmasına həsr olunub:
"Birinci filmimiz "Parabüzən", ikincisi isə "Xocalı. Son toy" oldu. Bu isə üçüncü filmimizdir. "Vətən daşı" filmi Kəlbəcərdən olan şəhidimiz, polkovnik-leytenant Əkrəm Şadmanova həsr olunub. Bu filmdə də digər filmlərimizdə olduğu kimi, vətən həsrəti ilə yaşayan insanların hisslərini, onların öz yurdlarına qayıtdıqdan sonrakı sevincini, həmin torpaqları yenidən qurmaq və orada yenidən yaşamaq istəyini göstərməyə çalışmışıq. Düşünürəm ki, buna nail ola bilmişik".