"Formula-1" üzrə "Red Bull" komandası fransalı pilot İsak Hacarla əməkdaşlığı davam etdirmək qərarına gəlib. Tərəflər müqaviləni 2027-ci il mövsümünün sonunadək uzadıblar.
Oxu.Az xəbər verir ki, bu barədə komandanın rəsmi saytında məlumat yayılıb.
Beləliklə, 21 yaşlı Hacar "Formula-1"in dördqat dünya çempionu, müqaviləsi 2030-cu ilədək qüvvədə olan niderlandlı Maks Ferstappenin komanda yoldaşı olaraq qalacaq.
Qeyd edək ki, Hacar "Formula-1"də debütünü 2025-ci ildə "Red Bull"un kiçik komandası olan "Racing Bulls"un heyətində edib. O, həmin mövsüm 51 xal toplayaraq pilotlar arasında 12-ci yeri tutub.
Cari mövsümdə isə Hacar "Red Bull"un əsas komandasına keçib. O, iştirak etdiyi 11 yarışda 71 xal toplayıb və hazırda ümumi sıralamada səkkizinci pillədə qərarlaşıb.
Fransalı pilot biləyindən aldığı zədə səbəbindən son üç Qran-prini buraxıb. Lakin onun bu həftə keçiriləcək Azərbaycan Qran-prisində yenidən bolidin sükanı arxasına keçəcəyi gözlənilir.
Əlavə edək ki, 2027-ci il mövsümü martın 12-14-də Bəhreyn Qran-prisi ilə başlayacaq və dekabrın 10-12-də Əbu-Dabi mərhələsi ilə başa çatacaq. Təqvimə ümumilikdə 24 Qran-prinin daxil edilməsi planlaşdırılır.