Paytaxtın Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsindəki 79 nömrəli binanın sakinləri məhəllə ərazisində inşa olunan tikilidən və həyətyanı sahənin özbaşına zəbt edilməsindən şikayətçidirlər.
Onların sözlərinə görə, Flora Bayramova adlı şəxs 2015-ci ildə həmin ərazi ilə bağlı müvafiq qurumdan rəy alsa da, sonradan bu icazənin hüdudlarını aşaraq ərazini genişləndirib.
Bir neçə ay əvvəl burada qanunsuz şəkildə kafe tikildiyi, sakinlərin şikayətlərindən sonra isə tikilinin söküldüyü bildirilir.
Lakin iddialara görə, problem bununla bitməyib. Hazırda həmin ərazidə yenidən tikinti işlərinə başlanılıb.
Sakinlərdən biri vəziyyətdən narazılığını belə ifadə edib: "Biz nə həyətə çıxa bilirik, nə də rahat gəzə bilirik. Tanımadığımız adamlar gəlib-gedir, səs-küy olur. Bloklarda hətta iynələr tapmışıq. Öz həyətimizdə gəzməyə ixtiyarımız qalmayıb".
"Əvvəllər bu xanım burada yaşayırdı. Kiçik qarajı vardı, sonra onu böyüdüb çayxanaya çevirdi. Səs-küydən burada yaşamaq mümkünsüz idi. Taksi sürücüləri yığışır, söyüşlər, davalar olurdu. Gecə saat ikiyə, üçə kimi səs-küy davam edirdi. Burada qazanxana yerləşir. Yanğın və ya qəza baş versə, təhlükə böyük olar. Şikayət etdik, icra hakimiyyəti gəlib tikilini sökdü. Amma sonra deyiblər ki, guya tikinti qanunsuz sökülüb. İki gün ərzində qapını bağlayıb yenidən tikintiyə başladılar", - başqa bir sakin deyib.
Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, vətəndaşın tikinti üçün müvafiq sənədləri mövcuddur.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Oxu.Az-a açıqlamasında bildirib ki, paytaxtın Yasamal rayonu, Ş.Mehtiyev küçəsində yerləşən binalardan birinin həyətyanı sahəsində tikinti işlərinin aparılması ilə bağlı polisə məlumat daxil olub:
"Məsələ ilə əlaqədar Yasamal Rayon Polis İdarəsində müvafiq araşdırmalar aparılır.
Hazırda polis və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən sakinləri narahat edən halların aradan qaldırılması istiqamətində tədbirlər görülür".