Dövlət İmtahan Mərkəzi (DİM) Hakimlərin Seçki Komitəsi ilə birgə hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 339 nəfərdən 2 nəfər imtahana gəlməyib. 175 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.
Nəticələrlə bağlı Apellyasiya Komissiyası 29, 30 iyun və 1 iyulda saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küç., 50) fəaliyyət göstərəcək.
Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda hakimliyə namizədlər üçün keçirilən növbəti test imtahanında 333 nəfər iştirak edir.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib.
Onun sözlərinə görə, keyfiyyətli ədalət mühakiməsinin təmin olunması, məhkəmə sisteminə güvənin artırılması məqsədilə hakim korpusunun peşəkar, yüksək bilik və mənəvi keyfiyyətlərə malik hüquqşünaslarla komplektləşdirilməsi prioritet istiqamətlərdən biridir.
"İmtahan beynəlxalq və yerli müşahidəçilərin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin iştirakı ilə tam şəffaf şəraitdə təşkil olunub. Namizədlər nəticələrini imtahanı başa vurduqdan dərhal sonra əldə edəcəklər. İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış hakimliyə namizədlər müsabiqənin növbəti - yazılı imtahan mərhələsinə buraxılacaq", - deyə K.Mansurov əlavə edib.