Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Herbari fondu məhv olur: “Bizə deyirlər ki, hara istəyirsinizsə, köçün və quru zibillərə od vurun” - FOTO
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Herbari fondunun əməkdaşları narahatdırlar.
Belə ki, Herbari şöbəsinin yerləşdiyi bina sökülür, ərazisi isə təmirə bağlanır. Əməkdaşlar da narahatdırlar ki, illərlə qurudulub saxlanılan herbari fondu məhv olacaq.
Herbari şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Qaraxani Oxu.Az-a açıqlamasında bildirib ki, institut 1936-cu ildə fəaliyyətə başlayıb:
“Amma 1932-ci ildən SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildikdə bir sıra məşhur botanika alimləri Aleksandr Qrossheym, Leonid Prilipko, İvan Koryagin burada elmi tədqiqat işləri aparıblar. 1800-cü illərdə dünyanın məşhur botanikləri floramızı tədqiq edib və Qafqaz ərazisindən toplanmış müəyyən herbari nümunələrini burada qoyublar.
Azərbaycanda 600 minə yaxın herbari nüsxəsi var və dövlət əhəmiyyətlidir. Torpaqlarımız işğaldan azad edildikdən sonra orada aparılan monitorinqlər onu göstərdi ki, düşmən tərəfindən floramızın çox hissəsi məhv edilib. İndi bina sökülərkən nümunələr saxlanılmasa, fond məhv olacaq”.
O qeyd edib ki, dünyada beynəlxalq botanika konfransları keçirilir:
“Azərbaycanda 270-ə yaxın təsvir olunmuş bitki nümunələri var və dünyada bilirlər ki, həmin növlər bizdədir və fondda qorunur. Eyni zamanda, herbari fondunun sayəsində “Qırmızı kitab”ın III nəşri işıq üzü görür. Fonddakı nümunələr olmasa, Azərbaycanda təsvir olunan tip nümunələrinin ilk dəfə bizdə olmasını necə sübut edək? Bir əsrdən çoxdur ki, herbari xüsusi otaqlarda 18 dərəcə temperaturda saxlanılır. Biz istəmirik ki, herbarilər məhv olsun. Bunlar qurumuş bitkilərdir.
Onlar köçürülən zaman ovulacaq, töküləcək və məhv olacaq. Binanın ərazisini təmir edənlər deyirlər ki, bu quru bitkilər bizə lazım deyil. Hara istəyirsinizsə, köçün və quru zibillərə od vurun, yansın. Bu bitkilər havayı yığılmayıb. Onlar dünyanın müxtəlif yerlərində, dəniz səviyyəsindən 3 000-3 500-ə kimi yüksəklikdən yığılıb. Elm fədailəri bitkilər toplanan zaman çox çətinliklər çəkiblər. Onlar arasında qolu, ayağı sınan, ilanlarla, ayılarla üz-üzə qalanlar olub”.
“Meşələrimizdə ağaclarda göbələk, xərçəng xəstəliyi var. Herbarilər olmasa, bitkilərin tərkibini müqayisə edə bilməyəcəyik. Ağaclar olmadan biz necə nəfəs alacağıq? Eyni zamanda, insanlar bilmədikləri bitkiləri kor-koranə götürüb, yeyəcəklər. Bu da ölümlə nəticələnə bilər”, - deyə Pərvanə Qaraxani əlavə edib.
Qeyd edək ki, herbari fondunda 100 illik bir dövrü əhatə edən, Azərbaycanın bütün ərazilərindən toplanmış bitki nümunələri qorunur. Bundan öncə, 1800-cü illərə aid Qafqaz ərazisindən toplanmış herbari nümunələri ayrıca saxlanılır. Bitki nümunələri içərisində ot, kol, ağac bitkilərinə aid 135 fəsilə, 1 065 cinsi əhatə edən 600 000-ə yaxın herbari nüsxəsi var. 63 ali sporlu, 24 çılpaqtoxumlu, 4 313 örtülütoxumlu bitki növünü əhatə edən kolleksiyada 27 fəsilə, 79 cinsə aid 20 sintip, 33 izotip, iki holotip, beş topotip, doqquz paratip və bir lektotipi əhatə edən 270 herbari tip nümunəsi saxlanılır. Göstərilən tip nümunələri Azərbaycan ərazisindən ilk dəfə elm üçün təsvir edilən növlərdir.
Herbari fondunda Azərbaycanın sərvəti olan dəyərli herbari nümunələri müasir avadanlıqlar (HERBSCAN) vasitəsilə rəqəmsallaşdırılır və Avropa Virtual Məlumat Bazasına daxil edilir.
İlhamə Əbülfət
Rəylər