Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyulun 14-də keçirdiyi I və IV ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb.
TQDK-nın mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
Abituriyentlər imtahan nəticələrini həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 26 928 abituriyentdən 1598 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 25330 abituriyentdən 7 nəfəri imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 25 323 abituriyentin imtahan nəticələri yerləşdirilib.
İmtahanda I ixtisas qrupu üzrə 7, IV ixtisas qrupu üzrə isə 2 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.
E.Ə.
www.oxu.az