Xaricdə təhsil almaq bir çox gənc üçün arzudan daha çox, gələcəyə qoyulan investisiya kimidir. Lakin xarici universitetə qəbul olmaq təkcə arzu ilə olmur. Ölkə və universitet seçimi, qəbul tələbləri, dil sertifikatı, sənədlərin hazırlanması, viza, təhsil və yaşayış xərcləri kimi bir-birindən fərqli mərhələlər arzulayanın qarşısına çoxsaylı suallar çıxarır.
Məhz belə vəziyyətlərdə xaricdə təhsil üzrə xidmət göstərən şirkətlər və ya fərdi konsultantlar tələbələrə yol göstərməyə çalışırlar. Bu zaman tələbə və valideynlərin qarşısında başqa bir sual yaranır: etibarlı şirkəti və ya konsultantı necə seçməli? Son vaxtlar baş verən hadisələr - valideyn və abituriyentlərin aldadılması, onların məlumatsızlığından sui-istifadə, ödənişlərinin mənimsənilməsi və s. hallar isə xaricdə təhsil üçün müraciət edənləri ehtiyatı əldən verməməyə çağırır.
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova ilə müsahibəsini təqdim edir:
"Xaricdə təhsil şirkətləri və konsultantlar mütləq olmalıdır"

- Günay xanım, son illərdə xaricdə təhsil almaq istəyənlərin sayı artır. Ancaq xaricdə təhsil şirkətləri və təhsil konsultantları ilə bağlı artıq cəmiyyətdə müəyyən fikir ayrılıqları yaranıb. Bəziləri bu şirkətlərin və belə şəxslərin tələbələr üçün prosesi asanlaşdırdığını düşünür, bəziləri isə onların xidmətlərinə ehtiyac olmadığını bildirir. Xüsusən müəyyən xoşagəlməyən hadisələr, narazılıqlar, dələduzluq halları baş verdikdən sonra sizcə, tələbə hansı halda belə şirkətlərə və ya konsultantlara müraciət etməlidir?
- Xaricdə təhsil şirkətlərinin fəaliyyətinə ehtiyac olmadığını düşünmək məncə, yanlış olar. Çünki xaricdə təhsil şirkətləri və konsultantlar mütləq olmalıdır. Xaricdə təhsil bütün dünyaya xas olan bir tendensiyadır - hansısa ölkələrdə daha geniş, hansındasa az yayılıb. Sadəcə, bizim xaricdə təhsil şirkətləri və konsultantların fəaliyyəti dünyada mövcud olan analoji xidmətə nə qədər oxşar və ya fərqlidir - əsas sual budur. Digər tərəfdən, xaricdə təhsil almaq arzusunda olan abituriyent və valideynlər kimlərdir və nə üçün bunu istəyirlər? Çünki bu istəyin müxtəlif səbəbləri var. Əgər səbəb doğrudan da "mən xaricdə təhsil alacağam" deyə uşaqlıqdan qarşıya qoyulan məqsəddirsə, bu, çox təbiidir. Amma bir çox hallarda biz müşahidə edirik ki, bu xidmətdən yararlanmaq istəyənlər qəbul imtahanlarından daha az bal toplayan abituriyentlərin valideynləridir. Təhsil şirkəti və ya konsultant prosesi daha rahat etmək üçün müraciət edənin əvəzində mərhələləri keçir və ya keçmək üçün dəstək olur. Müqavilədə də açıq formada "biz sizə bu xidmətləri göstərəcəyik" sözləri qeyd olunmalıdır. Əgər müraciət edən məlumatlı deyilsə, həmin şirkət və ya konsultantlardan müəyyən məsləhət xarakterli dəstək ala bilər. Bəzən düzgün məlumatın olmaması və ya yanlış seçim valideynin və gəncin arzusunu ciddi maliyyə və vaxt itkisinə çevirə bilir. Biz xaricdə təhsillə bağlı məsləhət olmasını dəstəkləyirik, amma bu məsləhətin insanlara aldadıcı sözlərlə təsir etməsini istəmirik.
İmtahansız, diplomsuz, sadəcə attestatla…
- Bəzən şirkətlər tələbələrə "100 faiz qəbul", "imtahansız qəbul" və s. kimi vədlər verirlər. Belə vədlər nə dərəcədə realdır və tələbə bu cür təkliflərlə qarşılaşdıqda necə davranmalıdır?
- Bəzi ölkələrlə bağlı xaricdə təhsilin PR-ı "imtahansız, diplomsuz, sadəcə attestatla" adı altında aparılır. Valideynlər də "nə olursa olsun, övladımız mütləq universitet diplomu almalıdır" - deyə israr edirlər. Biz bəzən PR-a aldanırıq. "100 faiz təqaüdlə təhsil", "Attestatla qəbul", "100 faiz qəbul şansı" kimi elanları harada görürüksə, tərəddüdlü yanaşmalıyıq. Amma biz bunu "mütləq bu şirkət mənim övladımı instituta qəbul etdirəcək", "diplom verəcək, övladım yerdə qalmayacaq" fikirləri ilə qarışdırırıq. Xüsusən, hərbi xidmət məsələsinə görə valideynlər oğlan uşaqlarının universitetə daxil olması üçün canfəşanlıq göstərirlər. Bunun nəticəsində yaranan problemlər də göz önündədir. Normalda "100 faiz qəbul olacaqsan" əminliyi yoxdur. Qəbul ola da bilərsən, olmaya da… Hər hansı universitetin "qəbul verəcəyik" məsələsində diqqətli olmaq lazımdır. Yoxsa bu sonda diplomun tanınmamasına və ya tələbənin oradakı həyat şəraitinə uyğunlaşmamasına gətirib çıxarır. Bəzən şəffaf işləyən şirkət və konsultantlar olur ki, tələbəyə hər formada kömək edir. Tələbə qəbul olur və gedib oxumağa başlayır. Sadəcə, tələbə bəzən oradakı həyat şəraitinə və təhsil mühitinə uyğunlaşa bilmir: kəsirləri olur və ya maliyyə çətinlikləri yaşayır.
"Sonunda diplomun tanınmaması halları ilə qarşılaşırlar"
-Problemlər ən çox hansı ölkələrin ali məktəbləri ilə yaranır?

- Bizdə ən çox problemlər Ukrayna, Rusiya və Türkiyə universitetləri ətrafında baş verir. Amma bu o demək deyil ki, oradakı bütün universitetlərlə eyni hadisələr baş verir. Bunlar əsasən distant təhsil modeli ilə əlaqədardır. Ukraynada müharibə ilə bağlı təhsilin distant forması daha aktualdır. Türkiyədə də insanlar bir çox hallarda distant təhsilə yönəlirlər. Ancaq sonunda diplomun tanınmaması halları ilə qarşılaşırlar. Və yaxud dili bilməyən gənc Rusiya, Ukrayna və ya başqa ölkələrdə təhsil almaq istəyir. Təbii ki, orada çətinliklə qarşılaşırlar.
- Dövlət proqramları ilə xaricdə təhsil şirkətlərinin təqdim etdiyi imkanlar arasında hansı əsas fərqlər var? Tələbələr dövlət proqramına müraciət edərkən vasitəçi şirkətə ehtiyac duyurlarmı?
- Dövlət proqramında heç bir vasitəçi şirkətə ehtiyac yoxdur. Çünki nazirliyin rəsmi səhifələrində aydın formada tələblər haqqında yazılır. Uyğun namizədlər müsahibəyə dəvət olunur və proses bu formada tənzimlənir. Ali məktəblər də rəsmi reytinqlərə uyğun, akkreditasiyası yerində olan universitetlərdir. Siyahıda olan universitetlərin heç birində də problem yaranmır. Təqaüd qarşılandığı üçün tələbə təhsil xərclərindən azaddır. Təhsil şirkətləri isə təhsil və yaşayış xərclərini qarşılamır. Sadəcə, onlar xaricdə təhsillə bağlı məsləhət xidməti göstərir.
"Problemlər "kartdan-karta, əldən-ələ" proseslərindən yaranır"
- Şirkət və ya konsultant seçərkən tələbə və ya valideyn ilk növbədə nələri araşdırmalıdır?
- İşimizi bir az ehtiyatlı qurmalıyıq. Bu gün şirkətlərin təklif etdiyi hər bir universitetin rəsmi internet səhifəsi var. Bunu hər kəs bilməlidir ki, əsas tələb olunan şərtlərdən biri universitetlərin akkreditasiyası - beynəlxalq standartlara uyğun olub-olmamasıdır. Təhsilin Keyfiyyəti Təminatı Agentliyinin rəsmi səhifəsində diplomun hansı formada təsdiqlənəcəyi göstərilir. Hətta universitetlərin akkreditasiyası, diplomu daha asan qəbul olunan və olunmayan universitetlərin siyahısı da orada yer alıb. Şükür ki, son illərdə adamlarda məlumatlılıq xeyli artıb. Əvvəllər daha kortəbii surətdə reklamlara və elanlara qaçırdılar. Amma yenə də məlumatlılıq tam deyil. Bölgədə yaşayan məlumatsız bir valideyni aldatmaq yenə də asandır. Müraciət edənlər ilk növbədə xaricdə təhsil şirkətinin özü ilə rəsmi müqavilə imzalamalıdırlar. Bu müqavilədə şirkətin sizə nə verə biləcəyi və sizin şirkətdən nə tələb edəcəyiniz aydın qeyd olunmalıdır. Ən çox problemlər müqavilələrin olmaması, ödənişlərin qabaqcadan alınması ilə bağlı baş verir və ya müqavilədəki şərtlər valideyn tərəfindən düzgün oxunmur. Bu, hüquqi formada tənzimlənməli prosesdir. Bu gün problemlər "kartdan-karta, əldən-ələ" proseslərindən yaranır. Əslində isə valideyn bütün ödənişlər müqabilində qaimə istəməlidir. Elə etmək lazımdır ki, sabah şikayət edəndə əldə qəbzlər olsun. Digər tərəfdən, müraciət edənlər seçdikləri universiteti, onun mühitini diqqətlə araşdırmalıdırlar. Biz bu gün müşahidə edirik ki, diplom alınır, sonra tələbə iş tapa bilmir. Universitetin reytinqi onun nə qədər məzununun iş tapması ilə bağlıdır. Bu gün işəgötürənlər müraciət edənin haranı bitirməsinə, oxuduğu universitetin reytinqinə fikir verirlər.
Absurd və şişirdilmiş vədlər
-Təqaüd məsələsində də çoxlu yanlış təsəvvürlər var. Tələbələr təqaüd proqramlarının həqiqiliyini və şərtlərini necə yoxlamalıdırlar?
- Bəzən təqaüd reklam xarakterli sözlərdən ibarət olur. Əgər universitet həqiqətən də təqaüd verirsə, şərtlərini araşdırmaq lazımdır. Bəzən təqaüdlərin forması fərqli olur: tam təqaüdlər tələbənin bütün xərclərini qarşılayır. Bəzən elə təqaüdlər olur ki, yalnız təhsil xərclərini qarşılayır. Təhsil şirkətləri belə bir məqamdan da istifadə edirlər: "Bu təqaüd var, amma biz əlavə olaraq təqaüdə müraciət üçün sizdən əlavə məbləğ tələb edəcəyik". Belə problemlərlə üzləşməmək üçün universitetin rəsmi səhifəsinə daxil olub birbaşa müraciət etmək daha məqsəduyğundur.
- Viza məsələsi xaricdə təhsil almaq istəyənlərin ən çox narahat olduğu mövzulardandır. Şirkətlərin viza prosesində rolu nə qədərdir? Şirkət tələbəyə viza almağa zəmanət verə bilərmi?
- Problemlərdən biri də müəyyən vədlər verilməsidir. Əgər şirkətlər və konsultantlar "Viza və universitet məsələsini həll edəcəyik" - deyirlərsə bu, o ali məktəbin və həmin ölkənin daxili işlərinə müdaxilədir. Viza məsələsi həmin universitetin yerləşdiyi ölkənin səlahiyyətindədir. Heç bir şirkət və nümayəndə o ölkənin viza şərtlərinə müdaxilə edə bilməz. Bəzi hallarda görürük ki, nə ölkə, nə universitetlə bağlı problem var, amma viza ilə bağlı bank hesabı, təhlükəsizlik, müraciətçi haqqında məlumatların əldə edilməsi və s. kimi müəyyən şərtlər tələb olunur. Şirkət həmin şərtləri araşdırmır, viza məsələsində o şərtlərə uyğunsuzluq aşkarlanır. Demək, vədlərə yox, qanunvericilikdə məsələlərin necə tənzimlənməsinə diqqət eləmək lazımdır. Bu baxımdan, "100 faiz viza dəstəyi" vədləri absurd və şişirdilmişdir.
"Yaxşı təhsil heç vaxt aşağı qiymətlə olmur"
- Xaricdə təhsil üçün ölkə seçərkən hansı amillər nəzərə alınmalıdır? Məsələn, yalnız təhsil haqqının aşağı olması həmin ölkənin tələbə üçün əlverişli seçim olmasına kifayət edirmi?
- Kifayət etmir... Bəzən valideynlər yalnız təhsil müəssisəsinin illik təhsil haqqına diqqət edirlər. Bəs tələbənin yaşayacağı ölkədəki həyat şərtləri? Bu valideyni qane edəcəkmi? Əslində seçimə təsir edən bir çox nüans var ki, akkreditasiya, diplomun tanınmasından başlayır, digər məişət qayğılarına qədər davam edir. Təhsil lyuks bir şeydir. Yaxşı təhsil heç vaxt aşağı qiymətlə olmur. Biz onu əldə etmək üçün çox çalışmalıyıq. Biz təhsilə ucuz bir şey kimi baxsaq, hansısa problem çıxacaq. Məsələn, təhsil haqqının aşağı, amma həyat şərtlərinin baha olması və ya təhsil xərci münasib olsa da, universitet reytinqinin aşağı olması kimi. Seçilən universitetin yerləşdiyi ərazinin təhlükəsizliyi də çox önəmlidir.
-Xaricdə təhsil adı altında son vaxtlar bir sıra dələduzluq halları baş verib. Sizə görə, bu sahədə nəzarət kifayət qədərdirmi?
- Təbii ki, nəzarət var. Biz bu gün həmin şirkətlərin nümayəndələrinin həbs olunması xəbərlərini oxuyuruq. Amma kifayət qədər insan şikayət etdikdən, ən pisi zərər gördükdən sonra… Sosial şəbəkə dövrü olduğundan nəzarət bir az çətindir. Çünki sosial platformalarda bir çox insanın müxtəlif adlarda bir neçə hesabı ola bilər. Burada xidməti istəyən insanın üzərinə böyük rol düşür: o, ehtiyatını əldən verməməli, məlumatlılığını artırmalıdır.
- Bir tələbə hazırda xaricdə təhsil almaq istəyir və qarşısında bir təhsil şirkətinin təklifi var. Onun fırıldaqla üzləşməməsi üçün hansı məsləhəti verərdiniz?
- İlk növbədə verilən vədlərin doğru olub-olmamasını universitetin rəsmi saytından yoxlamalıdır. Hər şey doğrudursa, həmin universitetin təhsil şərtləri ilə tanış olmaq lazımdır. "Maliyyə imkanlarım o ölkədə yaşamağa imkan verirmi, o ölkənin yaşayış şərtləri ilə uyğunlaşa biləcəyəmmi?" suallarının da cavabı olmalıdır. Əgər bu şərtlər əl verirsə, onda müraciət etmək olar.