AAİB Azərbaycanda da özünəməxsus ərzaq autletləri, qida bankları və xeyriyyə restoranlarının tətbiqi təşəbbüsü ilə çıxış edir. Biz, pulsuz, könüllülük əsasında işləyəcəyik. Lakin bunun üçün bizə qarşı tərəfin- biznes-strukturlar, restoranlar, şadlıq evləri və s. razılığı lazımdır.
Oxu.Az xəbər verir ki, bu barədə Exo-ya Azərbaycanın Azad İstehlakçılar Birliyinin (AAİB) rəhbəri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, Belçikada yoxsulların pulsuz qidalana biləcəkləri xüsusi kiçik evlər var. Bunun üçün onlar rəmzi olaraq, öz xilaskarları üçün dua etməlidirlər. Avropa ölkələrində vaxtı bitməyə az qalmış ərzaq məhsullarının cəmləşdirildiyi ALBİ adlı mağazalar şəbəkəsi fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, bu mağazalarda məhsullar dəfələrlə ucuzdur, ona görə də, bir çox yoxsullar ərzaq mallarını məhz oradan alır. Bununla yanaşı, belə mağazalarda malların keyfiyyətinə ciddi nəzarət edirlər. Belə növ mağazaları Azərbaycanda da açmaq pis olmazdı.
“Şübhəsiz, qida məhsullarının yararlılıq müddətini artırmaq olar və bunun üçün ölkəmizdə prinsip etibarilə olmayan xüsusi ekspertiza aparılır. Sovet vaxtlarında da bu var idi və biz belə təzahürlərlə mübarizə aparırdıq. Təəssüf ki, bu gün bəzi təşkilatlar malların yararlılıq müddətini süni şəkildə artırmağa çalışırlar. Ölkəmizin mağazalarında qida məhsullarının 50%-i və spirtli içkilərin 80%-dən çoxunun yararlılıq müddəti ya bitib, yaxud da süni şəkildə artırılıb. Məsələn, zeytun yağının yararlılıq müddəti 18 aydan çox olmamalıdır, lakin mağazalarımızın piştaxtalarında müddəti guya 3 il təşkil edək yağ satılır. Bu, həmin yağın yararlılıq müddətinin çoxdan başa çatmasından xəbər verir.
Ölkəmizdə vahid nişanlama standartı yoxdur və xarici istehsalçılar bundan istifadə edərək, bizə vaxtı ötmüş və ya yararlılıq müddəti süni şəkildə artırılmış məhsullar göndərirlər. Bizim marketlərdə müddəti 3 ayadək olan fermer xaması satılır ki, bu da onun təkcə kimyəvi materiallardan ibarət olduğunu göstərir. Dörd ay əvvəl mağazada yararlılıq müddəti cəmi 4 gün olan süd aşkar etdim. Bax bu düzgündür, axı süd məhsulları çox saxlanıla bilmir” – deyə, o bildirib.
Ekspertin sözlərinə görə, bir çox restoranlar və şadlıq evləri bu gün hazırlanmış yeməyi sabaha saxlayırlar ki, bu da düzgün deyil. Buna görə də, alman təcrübəsini mənimsəyərək, bağlanışa yaxın hazır məhsulları bir neçə dəfə ucuz satmaq olardı. Bağlanışdan bir neçə dəqiqə əvvəl isə, nəsə satılmadıqda, onu evsizlərə paylamaq, yaxud da, həmin imkansızların götürməsi üçün hansısa qutularda yerləşdirmək olardı. Eyni şeyi mağazalar da edə bilər. Belə ki, mağazanın bağlanılmasından sonra yararlılıq müddəti bir neçə gündən sonra bitən qida məhsullarını xüsusi səbətlərdə yerləşdirmək olar.