Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İpin ucundakı həyatlar, şəhərin “üz”ünü min saata yuyaraq yüksələnlər – Reportaj + FOTO
İş asandır... Əvvəlcə pəncərənin şüşəsini köpükləndir, sonra sil. Bəs bunu yerdən 100 metrə yaxın hündürlükdə, ipdən asılı vəziyyətdə etmək nə qədər asandır? Bu iş təcrübə, cəsarət, risketmə bacarığı və peşəkarlığın kompleksini təşkil edir. Səhv etmək lüksünüz yoxdur. Ani bir səhv, lazımi zamanda verilməsi vacib olan qərarın gecikməsi ölümlə, şansınız varsa, əlilliklə nəticələnə bilər. Bu gün sənaye alpinistlərindən, yəni həyatları ipin ucunda olan insanlardan danışacağıq.
Oxu.Az mövzu ilə bağlı reportajını təqdim edir:
Bakının çoxmərtəbəli binalarından birinin zirvəsindəyik. Sənaye alpinizmində hava temperaturunun və küləyin önəmi böyükdür. Belə ki, küləyin sürəti saatda səkkiz kilometrə çatarsa, iş dayandırılır. İsti hava isə işi bir qədər də çətinləşdirir.
Az sonra fəaliyyətə başlayacaq olan alpinistlər hazırlıq işlərini tamamlayırlar. Hazırlıq nə az, nə çox - düz bir saat çəkir. Ən xırda detalına qədər bütün avadanlıqlar iş geyimlərinə xüsusi kəmərlər vasitəsilə taxılır. Sonda iplərin binanın başındakı daşlara bərkidilmə prosesi tamamlanır və vaxtdır...
Xüsusi təyinatlı əsgərlər kimi iplə sallanıb təhlükəyə meydan oxuyurlar. Hündürlük qorxusu olan insanın bu işi bacarmaq ehtimalı yoxdur.
Bir-birləri ilə ölüm barəsində zarafatlar edirlər. Təhlükənin fərqindədirlər, lakin bu onları qorxutmur.
Alpinist Sərxan Həsənov deyir ki, sənaye alpinizmi ilə 10 ildir məşğul olur:
“Sənaye alpinisti olmaq üçün həm beynəlxalq, həm də ölkəmizdə sertifikat ala bilərsiniz. Sertifikatı əldə etmək üçün bir həftə təlim keçməlisiniz. Yeddi gün sonunda imtahan verirsiniz. Əgər keçə bilsəniz, bu zaman sənaye alpinisti kimi fəaliyyət göstərə bilərsiniz. Pandemiya ilə əlaqədar ölkəyə təlimçi gəlmir. Buna görə hazırda Azərbaycanda beynəlxalq sertifikat verilmir”.
S.Həsənov bildirib ki, iş təhlükəli olduğu üçün bədbəxt hadisələrin baş verməsi qaçılmazdır:
“Bizim sıralarımızda olmasa da, ümumilikdə ölkədə il ərzində üç-dörd bədbəxt hadisə baş verib. Bunun bəziləri ölümlə, bəziləri isə zədələrlə, hansısa əlilliklə nəticələnib. Sənaye alpinisti tək işləyə bilməz, bu, qızıl qaydadır. Ən azı üç nəfərlə işləməlidir. Məsələn, hansısa ipdə hadisə baş verdikdə, o, tək şəkildə həmin hadisənin qarşısını ala bilməz. Ona görə də yanında mütləq şəkildə biri olmalıdır”.
Tural Məhərrəmov 11 ildir ki, sənaye alpinisti kimi fəaliyyət göstərir:
“Mənə maraqlı gəldiyi üçün dostlarım vasitəsilə bu işə başladım. Hündürlük qorxusu olmayan hər kəs sənaye alpinisti ola bilər, lakin davam etdirmək hər adamda alınmır. Başlanğıc üçün yaş faktoru önəmlidir. Əgər sənaye alpinisti olmaq istəyirsinizsə, yaxşı olar ki, gənc yaşınızda başlayasınız. Bu gün gənc yaşda başlayan biri 50 yaşında da bu işi görə bilir”.
Ümid Fərəcov isə altı ildir ki, sənaye alpinistidir:
“Təhlükəsizliyiniz üçün daim küləyin sürətini nəzarətdə saxlamalısınız. Məsələn, ipdəsiniz və anidən külək sürətlənir. Bu zaman işi dayandırıb təhlükəsiz vəziyyətə gətirdikdən sonra ipdən enməlisiniz. Altı ay əvvəl iki bina arasında havalandırmanı sökən zaman külək başladı və məni enəcəyim məsafədən çox kənara apardı. Dayanmaq mümkün deyildi, məcburən düşdüm”.
Ü.Fərəcov sertifikatlaşdırma barədə də danışıb:
“Bunun üçün üç mərhələ var. Birinci mərhələdə sadəcə ipə qalxmağı, ipdən-ipə keçməyi, ipdən düşməyi və bağlantıları öyrədirlər. Gün ərzində dörd saatdan çox işləmək olmaz. Sertifikatın müddəti üç ildir. Üç il ərzində 1000 saata qədər işləyirsən və sənə verilən kitabçada qeydlər aparırsan. Bundan sonra ikinci mərhələ üçün müraciət edirsən. Bu zaman xilasetmələri öyrədirlər. Eyni qayda burada da tətbiq edilir. Üçüncü mərhələyə çatan alpinist supervayzer olur. Yəni sən gözünlə görə biləcəyin qədər adam işlədə bilərsən, lakin hər kəsə nəzarət etməli, bağlantıları, kəmərləri, ipləri yoxlamalısan”.
Bizə nə qədər çətin və təhlükəli görünsə də, onlar gördükləri işdən məmnundurlar. İl ərzində ən azı 50 binaya istər təmizlik, istərsə də təmirlə bağlı qalxırlar. Ölümlə qalım arasındakı həyatları isə sadəcə bir ipdən asılıdır.
Aysel Aslanqızı
Daha çox şəkil burada: Photostock.az
Rəylər