Son günlər Bakıda evlərin və torpaq sahələrinin qiyməti kəskin bahalaşıb. Buna görə də Bakıda daşınmaz əmlaka - ilk növbədə mənzilə və torpaq sahəsinə sahib olmaq istəyənlər çox vaxt bunu kredit yolu ilə əldə etməyə çalışırlar.
Bəs kredit şərtləri hər kəsin cibinə uyğundurmu?
Yenisabah.az bu mövzunu araşdırıb. Məlum olub ki, kreditlə ev və ya torpaq almaq istəyənlərin aylıq maaşı 850 manatdan az olmamalıdır. Alınan daşınmaz əmlakın mülkiyyətinə dair çıxarışın olması başlıca şərtdir. Digər vacib şərt isə kreditin məbləği ilə bağlıdır. Banklar ev və torpaq almaq istəyən vətəndaşlara 50 min manatdan az kredit ayırmır. Kredit faizləri isə sözün həqiqi mənasında dodaq uçuqladandır. Əgər vətəndaş ayrılan krediti cəmi 5 il ərzində ödəmək qabiliyyətinə malikdirsə, bu zaman illik faiz dərəcəsi 13 olur. Bu müddət 5 ili ötdükdə isə, kreditin məbləği 14,0-14,5 faizdən hesablanır. Nəticədə bankdan 100 min manat kredit götürən şəxs 20 il ərzində minimum 250 min manat borc ödəmək məcburiyyətində qalır.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bankların təqdim etdiyi daxili ipotekaların şərtləri sərtdir:
"Bankların torpaqlarla bağlı təklif etdiyi ipoteka krediti əslində "İpoteka haqqında" qanuna daxil deyil və özəl şəxsi vəsaitlər hesabınadır. Yəni bankların daxili ipotekasıdır. Bunu ölkədə bir neçə özəl kommersiya bankı həyata keçirir. Amma bu ipotekanın şərtləri olduqca sərtdir. Ona görə ki, istənilən halda torpağın ipotekası o deməkdir ki, kimsə onu alır və üzərində ev tikir. Bu ipotekadan istifadə edən vətəndaş gələcəkdə ödəyə bilmədiyi halda təbii ki, nisbi tərəf olaraq qalır".
Ekspert bankların ipoteka şərtləri ilə bağlı məlumat verib:
"Ümumiyyətlə, kommersiya banklarının şərtləri dövlət ipotekasından müəyyən dərəcədə sərtdir. Çünki onlar şəxsi vəsait hesabına bunu edirlər. Təbii ki, bu ipotekadan istifadə edən zaman ənənəvi olaraq vətəndaşlardan iş yeri tələb olunur. Bu cür torpaqların hamısının çıxarışı olur və kredit bitənə qədər girovda qalır".
Rəylər